Dominik Soboslay "Liverpul" ilə yeni müqavilə imzalayıb
Macarıstanın milli komandasının yarımmüdafiəçisi Dominik Soboslay İngiltərənin "Liverpul" klubu ilə müqaviləsinin müddətini uzadıb.
Operativ Media xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçu ilə əldə olunan yeni razılaşmanın detalları rəsmi olaraq açıqlanmayıb. Lakin insayder-jurnalist Fabrisio Romanonun yaydığı məlumata görə, tərəflər arasında imzalanan yeni sözləşmə 2030/31 mövsümünün sonuna qədər qüvvədə olacaq.
Macar futbolçu İngiltərə komandasına 2023-cü il iyulun 2-də transfer olunub. O, geridə qalan 2025/26 mövsümündə "Liverpul"un heyətində ümumilikdə 53 rəsmi qarşılaşmada meydana çıxaraq, 13 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Hazırda "Transfermarkt" portalı yarımmüdafiəçinin transfer dəyərini 100 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, "Liverpul" başa çatan 2025/26 mövsümündə İngiltərə Premyer Liqasında 60 xal toplayaraq turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.