Zelenski Volın qırğını ilə bağlı gizli arxivlərin açılacağını vəd edib
Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidmətində qorunan Volın qırğınına dair bütün arxivlərin açılacağını bəyan edib.
Operativ Media xəbər verir ki, bu barədə dövlət başçısı özünün "Telegram" kanalında məlumat paylaşıb. O, Polşa istiqamətində yürüdülən siyasətlə bağlı xüsusi müşavirə keçirdiyini bildirib. Zelenskinin paylaşımına görə, diplomatik müstəvidə yeni qərarlar qəbul olunacaq, XX əsrdə Volında baş vermiş faciəvi hadisələrə dair arxivlər tam açılacaq və Polşa tərəfi ilə birgə axtarış-ekshumasiya işlərinin aparılması üçün əlavə icazələr veriləcək.
Ukrayna lideri Polşa ilə "xoş qonşuluq münasibətlərinin" tərəfdarı olduğunu ifadə etsə də, rəsmi Kiyevin Ukrayna Üsyan Ordusunu (UPA) qəhrəmanlaşdırması probleminə toxunmayıb. Məlumata görə, iki ölkə arasında münasibətlərin kəskinləşməsinə məhz bu məsələ səbəb olub. Varşava və Kiyev arasındakı ziddiyyət cari ilin may ayında Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə "UPA qəhrəmanları" adını verməsindən sonra alovlanıb. Polşada bu təşkilatın üzvləri 1943-cü ildə Volında 100 mindən çox Polşa vətəndaşının qətlində təqsirli bilinən cinayətkarlar hesab olunur.
Polşa parlamenti hələ 2016-cı ildə Volın qırğını nı polyakların soyqırımı kimi tanıyıb, 2025-ci ildə isə 11 iyul tarixi bu faciənin qurbanlarının dövlət xatirə günü elan edilib. Yaranmış gərginlik fonunda Polşa Prezidenti Karol Navrotski Ukrayna rəhbərini "Ağ Qartal" ordenindən məhrum edib. Bundan sonra Ukraynanın üç sabiq prezidenti – Leonid Kuçma, Viktor Yuşşenko və Pyotr Poroşenko da polyakların ali ordenindən imtina etdiklərini açıqlayıblar.
Baş verənlərdən sonra Vladimir Zelenski Qdanskda keçirilən Ukraynanın bərpası üzrə beynəlxalq konfransda iştirakdan imtina edib. Eyni zamanda, Ukrayna Ali Radası iyulun 1-də "milli panteon" haqqında qanun qəbul edib və rəsmi Kiyev burada UPA-nın bəzi nümayəndələrini yenidən dəfn etməyi planlaşdırır.