"Torpedo"nun baş məşqçisi: "Zirə"nin fərdi cəhətdən güclü futbolçuları var
Gürcüstanın "Torpedo" klubunun baş məşqçisi Dirk Şuster UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda "Zirə"yə 0:3 hesabı ilə uduzduqları matçdan sonra fikirlərini bölüşüb.
Operativ Media Sportal.az-a istinadən xəbər verir ki, Şuster "Zirə"ni oyunun favoriti olduğu üçün daha şanslı olduqlarını qeyd edib:
"Sürpriz hazırlamışdıq, amma görünür çox güclü rəqibə qarşı oynayırdıq. Öz oyunumuzu göstərə bilmədik. "Zirə"nin fərdi cəhətdən güclü futbolçuları var. İlk 30 dəqiqədən sonra bütün konsentrasiyanı itirdik, rəqib isə üstün oynadı. Bir qol buraxacağımızı gözləyirdik, amma favorit daha yaxşı oynadığı üçün qalib gəldi. Taktiki baxımdan meydan sahibləri güclü idi. 0:2-dən sonra futbolçularımız ruhdan düşdü, nəyisə dəyişməyə çalışdılar, amma alınmadı”.
Cavab oyunu barədə danışan mütəxəssis komandasının bir həftə sonra tamam fərqli sima göstərməyə çalışacağını deyib: “0:3-dən sonra çətin olacaq, amma heç olmasa oyunu əlavə vaxta daşımağa çalışacağıq. Futbolda daha böyük hesablı məğlubiyyətlərdən dönüşlər olub”.
Azarkeşlərin oyundan sonra aqressiv reaksiyasına münasibət bildirən Şuster bunu müəyyən qədər normal saysa da, tribunadakı davranışı düzgün hesab etmədiyini vurğulayıb: “Onlar məyusdurlar, bu normaldır. Amma tribunada belə davranmaq olmaz. Əgər 0:1 uduzsaydıq, belə reaksiya olmazdı”.