Xaricdən elektronika sifariş edənlərin nəzərinə: Diqqət edilməli məqamlar
"Adətən xaricdən telefon, noutbuk və digər elektronika sifariş edərkən insanların ən çox diqqət etdiyi məsələ qiymətdir. Halbuki aşağı qiymət həmişə sərfəli alış demək deyil. Bəzən ucuz görünən məhsul sonradan zəmanət, uyğunluq və ya əlavə rüsumlar səbəbindən daha baha başa gələ bilər. İlk növbədə məhsulun satıcısına diqqət etmək lazımdır".
Bu sözləri Operativ Media-ya texnoloq Elvin Həsənov deyib.
O bildirib ki, elektronikanı mümkün qədər rəsmi mağazalardan və yüksək reytinqə malik satıcılardan almaq daha təhlükəsizdir:
"Çünki bazarda yenilənmiş (refurbished), istifadə olunmuş və ya saxta məhsullar da orijinal kimi təqdim oluna bilir. Ona görədə məhsulu almadan əvvəl məhsulun vəziyyəti, zəmanəti və satıcının rəyləri mütləq yoxlanılmalıdır.
Telefon alarkən digər vacib məsələ onun hansı region üçün istehsal olunmasıdır. Bəzi modellər müəyyən ölkələr üçün nəzərdə tutulur və onların mobil şəbəkə tezlikləri, eSIM dəstəyi və ya proqram təminatı fərqli ola bilər. Nəticədə cihaz Azərbaycanda bütün funksiyalarla işləməyə bilər. Eyni qayda noutbuklara da aiddir. Klaviatura düzülüşü, enerji adapteri və əməliyyat sisteminin lisenziyası kimi detalları əvvəlcədən dəqiqləşdirmək vacibdir.
Digər vacib məsələlərdən biridə zəmanət məsələsidir. Xaricdən alınan hər cihazın Azərbaycanda rəsmi zəmanətlə təmir olunacağını düşünmək düzgün deyil. Bəzi istehsalçılar beynəlxalq zəmanət təqdim etsələr də, bəzilərində zəmanət yalnız məhsulun alındığı ölkədə keçərli olur. Buna görə zəmanət şərtlərini əvvəlcədən öyrənmək lazımdır”.