Əmək pensiyası hansı hallarda yenidən hesablanır? - VİDEO
Pensiya yaşına çatmasına baxmayaraq, əmək fəaliyyəti tam nəzərə alınmadığı üçün pensiyasının düzgün hesablanmadığını deyən vətəndaşlar az deyil.
Operativ Media xəbər verir ki, mövzu ilə bağlı "Xəzər Xəbər"ə danışan Dövlət Sosial Müdafiə Fondunun sədri Səfər Mehdiyevin sözlərinə görə, pensiyalar qüvvədə olan qanunvericiliyə uyğun olaraq fərdi hesabdakı pensiya kapitalı, sosial sığorta stajı və digər göstəricilər əsasında hesablanır.
O, bildirib ki, sonradan əlavə əmək stajını və ya sığorta dövrünü təsdiq edən sənədlər təqdim edilərsə, həmin məlumatlar araşdırılır və hüquqi əsas olduğu halda pensiya yenidən hesablanır.
Qurum rəsmisi qeyd edir ki, hazırda vətəndaşların pensiya almaq üçün hər hansı sənəd toplamasına ehtiyac yoxdur. Sistem pensiya hüququ yarandığı anda avtomatik təyinat aparır və vətəndaş yalnız pensiya kartını götürmək üçün banka müraciət edir. İlkin hesablamada sistem mövcud məlumatlar əsasında sığorta stajını nəzərə alır, sonradan əlavə staj təsdiqlənərsə, həmin müddət də pensiyaya əlavə edilə bilər.
Vəkil Mirhüseyn Həbibli isə bildirir ki, pensiya kapitalının və ya əmək stajının düzgün hesablanmaması ilə bağlı məhkəmələrə edilən müraciətlər kifayət qədərdir və bir çox hallarda vətəndaşların hüquqları məhkəmə qaydasında bərpa olunur.
Onun sözlərinə görə, vətəndaş ilk növbədə Dövlət Sosial Müdafiə Fonduna yazılı müraciət etməli, müraciətinə əmək kitabçasının surətini, arxiv arayışlarını və digər təsdiqedici sənədləri əlavə etməlidir. Əgər verilən cavab vətəndaşı qane etməzsə, o, qeydiyyatda olduğu ərazi üzrə inzibati məhkəməyə müraciət edə bilər. İddia ərizəsinə də hüququnu təsdiq edən bütün sənədlərin əlavə olunması tövsiyə edilir.