Qurban Qurbanov: Bu dünya çempionatını az izləyirəm
"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov dünya çempionatı ilə bağlı gözləntilərini bölüşüb.
Operativ Media xəbər verir ki, o, bu haqda "CBC Sport" kanalına müsahibə verib.
Təcrübəli mütəxəssis turnirdə rəğbət bəslədiyi komandanı və əsas favoritini qeyd edib:
"Azarkeşlik etdiyim komandanın dünya çempionu olmasını çox istəyirəm və bu titulu İspaniyanın qazanacağını gözləyirəm. Əlbəttə, Fransa, Almaniya və İngiltərə kimi digər favoritlər də var ki, onlar dünya çempionatına fərqli yanaşırlar. Bu barədə qəti bir fikir söyləmək mənim üçün çətindir, lakin hər bir halda mən yenə də İspaniyanın üzərində qalıram".
Qurbanov mundialın sürpriz komandası və oyunları izləməkdə çətinlik çəkməsi barədə də danışıb:
"Mundialın sürpriz komandası olacaq kollektiv barədə geniş düşünməmişəm, amma ABŞ millisi bir az fərqli futbol nümayiş etdirir. Ümumiyyətlə, bu dünya çempionatını az izləyirəm. Çünki qarşılaşmalar elə saatlarda keçirilir ki, bəzən oyunları sona qədər izləməyə vaxtım çatmır. Amma ümumi mənzərəyə baxdıqda, sanki ABŞ fərqli bir futbol oynayır".
Baş məşqçi çempionatın bombardiri ola biləcək adları da vurğulayıb. O, bu adın sahibinin Harri Keyn yaxud Lionel Messi ola biləcəyini ehtimal edib.