Qırğızıstan və Gürcüstan arasında əməkdaşlığa dair sənədlər imzalanıb
Qırğızıstan Prezidenti Sadyr Japarov və Gürcüstanın Baş naziri Irakli Kobakhidze arasında keçirilən rəsmi danışıqların yekununda bir sıra əməkdaşlıq sənədləri imzalanıb.
Operativ Media xəbər verir ki, bu barədə “Akipress” məlumat yayıb.
Məlumata görə, sənədlər paketi aviasiya, dövlət əmlakının idarə olunması, heyvandarlığın inkişafı, xarici siyasət idarələri arasında əməkdaşlıq, təhsil, idman və ədliyyə sahələrini əhatə edir.
Tərəflər həmçinin nüvə təhlükəsizliyi və nüvə obyektlərinin fiziki mühafizəsi sahəsində məlumat mübadiləsi və əməkdaşlıq barədə razılığa gəliblər. Bununla yanaşı, Qırğızıstan və Gürcüstanın xarici siyasət qurumları arasında 2027–2028-ci illər üçün əməkdaşlıq proqramı da imzalanıb.
Görüşdə ticarət-iqtisadi əlaqələrin inkişafına xüsusi diqqət yetirilib. Bu çərçivədə iki ölkə arasında daşınan mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında saziş də imzalanıb.
Sənədlər paketinə həmçinin idman sahəsində əməkdaşlıq sazişi və hər iki ölkənin Ədliyyə nazirlikləri arasında qarşılıqlı fəaliyyətə dair memorandum daxil edilib.