İncəsənət məktəb və mərkəzlərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir
Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində ilk dəfə olaraq mərkəzləşdirilmiş buraxılış imtahanlarının keçirilməsinə başlanılıb.
İmtahan prosesi 8 iyun tarixindən Bakı şəhərində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində start götürüb. İyunun 10-dan etibarən isə mərkəzləşdirilmiş buraxılış imtahanları ölkə üzrə Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən bütün müvafiq təhsil müəssisələrini əhatə edəcək.
Cari tədris ili üzrə imtahanlarda 8000-ə yaxın şagirdin iştirakı nəzərdə tutulur. İmtahanların keçirilməsində əsas məqsəd şagirdlərin təhsil müddətində əldə etdikləri nəzəri biliklərin, praktiki bacarıqların və yaradıcılıq potensialının obyektiv qiymətləndirilməsi, eləcə də tədrisin keyfiyyətinin vahid yanaşma əsasında ölçülməsidir.
İmtahanlar müvafiq ixtisaslar üzrə təsdiq edilmiş proqramlara uyğun təşkil olunur. Prosesin şəffaf, obyektiv və sistemli şəkildə aparılması üçün zəruri təşkilati və metodiki tədbirlər görülüb.
İlk dəfə tətbiq edilən bu yanaşma incəsənət təhsili sahəsində qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi, buraxılış prosesində vahid standartların formalaşdırılması və təhsilalanların nəticələrinin daha dəqiq müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq, bu ildən ilk dəfə məzunlara elektron şəhadətnamələrin verilməsi nəzərdə tutulur. Bu yenilik sənədləşmə prosesinin daha çevik, şəffaf və müasir tələblərə uyğun təşkilinə imkan yaradacaq.
İmtahanların yekunlarına əsasən şagirdlərin təhsil müddətində qazandıqları nəticələr müəyyən ediləcək və müvafiq sənədləşmə aparılacaq.