Aİ Əlcəzairin aviaşirkətini qara siyahıya salıb
Avropa Komissiyası Əlcəzairin “Air Express Algeria” aviaşirkətini Avropa İttifaqının hava təhlükəsizliyi üzrə qara siyahısına daxil edib.
Operativ Media-nın “əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, qərarla şirkətin Avropa İttifaqına üzv ölkələrin hava məkanında fəaliyyət göstərməsi və uçuşlar həyata keçirməsi qadağan olunub.
Avropa Komissiyasının açıqlamasında bildirilib ki, aparılan qiymətləndirmələr nəticəsində aviasiya təhlükəsizliyi sahəsində ciddi problemlər və beynəlxalq təhlükəsizlik standartlarına uyğunluqla bağlı çatışmazlıqlar aşkar edilib.
Bunun əsasında şirkətin Aİ-nin Hava Təhlükəsizliyi Siyahısına daxil edilməsi barədə qərar qəbul olunub.
Qurum pozuntuların detalları və qadağanın aradan qaldırılması üçün tələb olunan tədbirlərlə bağlı əlavə məlumat açıqlamayıb.
“Air Express Algeria” isə hələlik qərara münasibət bildirməyib.
Qeyd edək ki, Avropa İttifaqının Hava Təhlükəsizliyi Siyahısı 2006-cı ildən tətbiq olunur və beynəlxalq təhlükəsizlik standartlarına cavab verməyən aviaşirkətlərin fəaliyyətinə məhdudiyyətlərin qoyulmasını nəzərdə tutur.