İranın vitse-prezidenti Sərdar Azmunun milliyə qaytarılmasını istəyir
İranın vitse-prezidenti Əbdülkərim Hüseynzadə hücumçu Sərdar Azmunu yenidən milli komandada görmək istəyir.
Operativ Media xəbər verir ki, 31 yaşlı Azmun 2025-ci ilin martından bəri İran yığmasına dəvət almır. O, dünya çempionatında ölkəni təmsil edəcək futbolçuların genişləndirilmiş heyətinə salınmayıb. Hücumçu 2024-cü ilin iyulundan BƏƏ-nin "Şabab Əl-Əhli" klubunda çıxış edir. Futbolçunun millidən kənarda qalmasına BƏƏ şeyxləri ilə birgə çəkilmiş fotoşəkilləri səbəb ola bilər.
"Sərdar Azmunun bu bağlılığı nümayiş etdirməyə yönəlmiş hərəkətinə göz yummamalıyıq. Mümkün qədər onu milli komandaya qaytaracağıq. Bu, idman xarakterli qərar deyil, milli birliyə yönəlmiş bir mesajdır", — deyə Hüseynzadə sosial şəbəkədə yazıb.
Azmun İran yığmasının heyətində 91 oyun keçirib və 57 qol vurub.
DÇ-2026 iyunun 11-dən iyulun 19-dək Meksika, ABŞ və Kanadada təşkil olunacaq. İranın qrup mərhələsindəki rəqibləri Yeni Zelandiya, Belçika və Misirdir.