Şotlandiyada Skott Maktomineyin şərəfinə xüsusi 20 funtluq əsginas buraxıldı
Şotlandiyada üzərində "Napoli" klubunun və Şotlandiya millisinin yarımmüdafiəçisi Skott Maktomineyin təsviri olan 20 funtluq xüsusi əsginas buraxılıb.
Operativ Media xəbər verir ki, bu haqda "The Herald" qəzeti məlumat yayıb.
Məlumata görə, əsginasın üzərində futbolçu akrobatik zərbə (çeçələ zərbəsi) anında təsvir olunub. İllüstrasiya üçün Maktomineyin 2026-cı il dünya çempionatının seçmə mərhələsində Danimarka millisinə qarşı keçirilən oyunda (4:2) vurduğu qol əsas götürülüb. Bu qol Şotlandiya komandasına 1998-ci ildən bəri ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanmağa kömək edib. Şotlandiya Bankının rəsmi açıqlamasında bu epizod milli komandanın ABŞ-da təşkil olunacaq dünya çempionatına yollanmasına şərait yaradan kult (tarixi) məqam adlandırılıb.
Ümumilikdə bu cür 100 əsginas dövriyyəyə buraxılacaq. Onların yarısı satışa çıxarılacaq, daha 25 nüsxə tirajlı püşkatmada oynanılacaq, qalan 25-i isə hərrac vasitəsilə satılacaq. Əldə olunan vəsait Şotlandiyadakı evsizlərə yardım xeyriyyə fonduna yönəldiləcək.
Dünya çempionatının qrup mərhələsində Şotlandiya millisi Braziliya, Mərakeş və Haiti komandaları ilə qarşılaşacaq. Turnir iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.