Menyu

Deputat: WUF13-ün Azərbaycanda keçirilməsi böyük beynəlxalq etimadın göstəricisidir

Ayşən Sadıxzadə
Deputat: WUF13-ün Azərbaycanda keçirilməsi böyük beynəlxalq etimadın göstəricisidir

Ümumdünya Şəhərsalma Forumunun ölkəmizdə keçirilməsi olduqca mühüm və strateji əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirilir. Çünki bu forum BMT-nin ən nüfuzlu platformalarından biridir və iştirakçı sayı, eləcə də əhatə etdiyi coğrafiya baxımından dünyanın ən böyük şəhərsalma tədbirlərindən hesab olunur.

Bu sözləri Operativ Media -ya açıqlamasında deputat Tural Gəncəliyev deyib. 

O bildirib ki, bu forum müxtəlif ölkələrdən urbanizasiya prosesləri ilə məşğul olan rəsmi şəxsləri, dövlət nümayəndələrini, tanınmış ekspertləri, siyasətçiləri, eləcə də infrastruktur və şəhərsalma sahəsində fəaliyyət göstərən beynəlxalq mütəxəssisləri bir araya gətirir. Bu baxımdan tədbirin Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük şərəf olmaqla yanaşı, həm də Azərbaycana göstərilən beynəlxalq etimadın göstəricisidir:

“Azərbaycan artıq uzun illərdir beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən ölkə kimi tanınır və bu istiqamətdə ciddi təcrübə qazanıb. Ölkəmiz bir sıra mühüm beynəlxalq platformalara uğurla ev sahibliyi edib, eyni zamanda Qoşulmama Hərəkatına sədrlik edib, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun və təşkilati imkanlarının yüksək səviyyədə qiymətləndirildiyini göstərir.

Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsinin əsas səbəblərindən biri də işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələridir. Ermənistanın dağıtdığı şəhər və kəndlər bu gün müasir dünya standartlarına uyğun şəkildə yenidən qurulur. Burada “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, yeni texnologiyalar və innovativ yanaşmalar tətbiq edilir.

Qarabağa və Şərqi Zəngəzura səfər edən xarici qonaqlar qısa müddət ərzində həyata keçirilən quruculuq işlərini gördükdə böyük təəssürat yaşayırlar. Bu da Azərbaycanın şəhərsalma sahəsində ortaya qoyduğu müasir yanaşmanın beynəlxalq səviyyədə diqqət çəkməsinə səbəb olur. Əslində dünya Azərbaycanın dağıdılmış əraziləri qısa müddətdə necə müasir şəhərsalma prinsiplərinə uyğun şəkildə yenidən qurduğunun şahidi olur.

Forum eyni zamanda dünya siyasətçilərinin, şəhərsalma üzrə ekspertlərin və beynəlxalq təşkilat nümayəndələrinin bir araya gəldiyi mühüm əməkdaşlıq platformasıdır. Bu isə ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Hazırda dünyada innovasiya, kreativ yanaşmalar, yeni texnologiyalar və urbanizasiya sahəsində müasir çağırışlar geniş müzakirə olunur. Bu baxımdan forumun Azərbaycanda keçirilməsi ölkəmiz üçün həm də qabaqcıl beynəlxalq təcrübəni öyrənmək, yeni bilik və “know-how”larla tanış olmaq baxımından mühüm fürsətdir. Dünyanın aparıcı ekspertlərinin bu forum çərçivəsində öz təcrübələrini bölüşməsi həm Azərbaycanın öz nailiyyətlərini təqdim etməsi, həm də yeni biliklər qazanması baxımından olduqca qiymətlidir”.

Əlaqəli Xəbərlər