Menyu

Malayziya naziri: Sürətli urbanizasiya ciddi sosial və iqtisadi çağırışlar yaradır

Operativ Media
Malayziya naziri: Sürətli urbanizasiya ciddi sosial və iqtisadi çağırışlar yaradır

Dayanıqlı şəhərsalma Malayziya üçün sadəcə siyasət istiqaməti deyil, milli zərurətdir. Hazırda Malayziya əhalisinin 75 faizdən çoxu şəhərlərdə yaşayır və şəhərlər ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsidir. Bununla yanaşı, sürətli urbanizasiya mənzil əlçatanlığı, iqlim dəyişiklikləri və sosial inklüzivlik kimi ciddi çağırışlar yaradır.

Operativ Media xəbər verir ki, bu fikri Malayziyanın mənzil tikintisi və yerli özünüidarəetmə naziri, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq Bakıda keçirilən WUF13 çərçivəsində “Milli Nazirlik Bəyanatları

-Yeni Şəhərsalma Proqramının gedişatı ilə bağlı nazirlər səviyyəsində görüş”də çıxışı zamanı səsləndirib.

Nazir bildirib ki, Malayziya bu problemlərin həlli istiqamətində genişmiqyaslı proqramlar həyata keçirir.

“13-cü Malayziya Planı çərçivəsində bir milyon əlverişli mənzilin tikintisi hədəflənib. “Residensi Rakyat” və “Residensi Madani” proqramları vasitəsilə vətəndaşların təhlükəsiz və keyfiyyətli mənzillərlə təmin olunması istiqamətində işlər davam etdirilir”, – deyə o vurğulayıb.

Nazirin sözlərinə görə, ölkədə “Ağıllı şəhər çərçivəsi” və “Aşağı karbonlu şəhər çərçivəsi” kimi təşəbbüslər də həyata keçirilir. Bu layihələr rəqəmsal innovasiyalar vasitəsilə şəhər bərabərsizliyinin azaldılmasına və iqlim dəyişikliklərinə davamlı şəhər mühitinin formalaşdırılmasına xidmət edir.

O bildirib ki, məlumat əsaslı idarəetmə şəhərsalma siyasətinin əsas elementlərindən biridir.

Nqa Kor Minq çıxışında qlobal mənzil böhranı və iqlim dəyişikliklərinin ciddi çağırışlar yaratdığını da qeyd edib. Onun sözlərinə görə, bu problemlərin həlli üçün dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi vacibdir.

Malayziya rəsmisi 2026-cı ildə Nyu-Yorkda keçiriləcək orta müddətli icmal ərəfəsində iqlimədavamlı infrastruktur layihələrinə investisiyaların artırılmasına, rəqəmsal inteqrasiyanın genişləndirilməsinə və Asiya regionunda şəhərlərarası əməkdaşlığın gücləndirilməsinə çağırış edib.

Çıxışının sonunda nazir milli birlik və həmrəyliyin əhəmiyyətini vurğulayaraq bildirib ki, Yeni Şəhər Gündəliyi gələcək nəsillər qarşısında verilən vəddir.

Əlaqəli Xəbərlər