Menyu

Deputat: İqtisadi əlaqələr Azərbaycan-Ermənistan sülhünü daha dayanıqlı edə bilər

Operativ Media
Deputat: İqtisadi əlaqələr Azərbaycan-Ermənistan sülhünü daha dayanıqlı edə bilər

Azərbaycan regionda sülh gündəliyinin davam etdirilməsində maraqlıdır və bu istiqamətdə ardıcıl siyasət həyata keçirir. Azərbaycan sülh prosesinin inkişafı ilə yanaşı, alternativ ssenarilərə qarşı da hazırlıqlı olan dövlətdir.

Operativ Media AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən dəyirmi masada çıxış edən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

O, qeyd edib ki, Azərbaycan sülh gündəliyinin davam etməsində maraqlıdır.

"Lakin, eyni zamanda, sülh prosesinin irəliləmədiyi halda yarana biləcək digər ssenarilərə uyğun siyasət həyata keçirmək imkanına və siyasi iradəyə malikdir. Buna baxmayaraq, əsas prioritet regionda dayanıqlı sülhün təmin edilməsidir. Azərbaycan hesab edir ki, uzunmüddətli və dayanıqlı sülhün əsas təminatlarından biri iqtisadi əlaqələrin formalaşdırılmasıdır.

Bizim yanaşmamız ondan ibarətdir ki, iki ölkə arasında sülh müqaviləsinin imzalanması və iqtisadi əlaqələrin bərpası daha real və effektiv modeldir. Çünki prosesə daha çox sahibkar, biznes subyekti və iqtisadi aktor cəlb olunduqca Azərbaycan-Ermənistan münasibətlərində sülhün daha dayanıqlı olması üçün zəmin yaranır”, – deyə deputat bildirib.

V.Bayramov qeyd edib ki, Azərbaycan sülh gündəliyinə uyğun olaraq Ermənistanla enerji və yanacaq sahəsində iqtisadi münasibətlər formalaşdırıb.

“Azərbaycan vasitəsilə Ermənistana daşınan məhsullarla bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb. Rəsmi statistikaya əsasən, Azərbaycan Ermənistana 9 min ton dizel, 3 min tona yaxın Aİ-95 və min tona yaxın Aİ-92 markalı benzin ixrac edib. Eyni zamanda, 2026-cı ilin ilk iki ayında Azərbaycan-Ermənistan iqtisadi əlaqələrinin həcmi 4,2 milyon dollar təşkil edib. Artıq Azərbaycanın rəsmi statistikasında Ermənistan ticarət əlaqələri qurulan ölkələr sırasında göstərilir.

Bu, faktiki olaraq iki ölkə arasında rəsmi iqtisadi və ticarət münasibətlərinin formalaşmağa başladığını göstərir. Apardığımız qiymətləndirmələrə əsasən, qarşılıqlı üstünlük modeli üzrə Azərbaycan və Ermənistan arasında 38 məhsul üzrə ixrac və idxal imkanları mövcuddur. İlkin hesablamalar göstərir ki, həmin məhsullar üzrə ticarət dövriyyəsi ilk mərhələdə 300 milyon dollara yaxın ola bilər”, – deyə Vüqar Bayramov qeyd edib.

Deputat əlavə edib ki, qarşılıqlı üstünlük modeli hər iki tərəfin iqtisadi fayda əldə etməsinə imkan yaradır.

Model ondan ibarətdir ki, Azərbaycanın idxal etdiyi müəyyən məhsullar Ermənistan tərəfindən daha sərfəli şəkildə təklif oluna bilər və ya əksinə. Bu zaman hər iki tərəf iqtisadi baxımdan üstünlük əldə edir. Bu isə göstərir ki, regionda iqtisadi əməkdaşlıq və qarşılıqlı faydaya əsaslanan münasibətlər üçün ciddi potensial mövcuddur”, -deyə V.Bayramov əlavə edib.

Əlaqəli Xəbərlər