Uruqvay tarixinin bombardiri mundialdan kənarda qaldı
“İnter Mayami”nin hücumçusu Luis Suares 2026-cı il dünya çempionatının final mərhələsi üçün Uruqvay millisinin heyətinə düşməyəcək.
Operativ Media xəbər verir ki, bu barədə uruqvaylı insayder Rodri Vaskes məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 39 yaşlı Suaresin adı hətta dünya birinciliyi üçün nəzərdə tutulan genişləndirilmiş oyunçu siyahısında da yoxdur. Qeyd olunur ki, Uruqvay millisi tarixinin ən yaxşı bombardiri üçün dünya çempionatında "son rəqs" baş tutmayacaq.
Suares 2024-cü ilin sentyabrında beynəlxalq karyerasını başa vurduğunu elan etmişdi. Bununla belə, o, ehtiyac yaranacağı təqdirdə milli komandaya kömək etməyə hazır olduğunu bildirmişdi.
Suares milli komandada debütünü 2007-ci ilin fevralında edib. O, yığmanın heyətində 143 oyuna çıxaraq 69 qol vurub və 39 məhsuldar ötürmə edib. Hücumçu 2011-ci ildə milli komanda ilə birlikdə Amerika Kubokunun qalibi olub.