Qida müəssisələrinin tələblərə uyğunluq problemi: Niyə müəssisələr çətinlik çəkir?
Azərbaycanda qida sektorunda fəaliyyət göstərən sahibkarların bəziləri qida təhlükəsizliyi tələblərinin yerinə yetirilməsində çətinlik çəkirlər.
Vaxtilə müəyyən texniki qaydaları və normaları nəzərə almadan fəaliyyətə başlayan müəssisələr, indi yeni tənzimləmə mexanizmləri və nəzarət tədbirləri nəticəsində uyğunsuzluqlarla rastlaşırlar.
Müəssisələrin üzləşdiyi əsas çətinliklərin səbəbləri:
Tələblərdən xəbərsiz olmaq: Müəssisələr qurularkən bina seçimi, otaqların ardıcıllığı və avadanlıqların yerləşməsi kimi vacib detallar qida təhlükəsizliyi tələblərinə uyğunlaşdırılmayıb. İndi bu tələbləri yerinə yetirmək obyektin fiziki strukturunda ciddi dəyişikliklər tələb edir.
Tələblərin icrasında maraqlı olmamaq: Tələblərin yerinə yetirilməsinə işin ayrılmaz bir parçası kimi deyil, ikinci dərəcəli bir məsələ kimi baxılır. Bu laqeydlik zamanla yığılaraq həlli çətin olan böyük problemlərə çevrilir.
İnvestisiya əvəzinə xərc görmək: Müəssisə rəhbərləri qida təhlükəsizliyi üçün ayrılan büdcəyə biznesin gələcəyini qoruyan bir yatırım kimi deyil, əlavə maliyyə yükü və xərc kimi baxırlar.
Cavabdehlik ünvanının səhv seçilməsi: Qaydalara əməl etmək müştəri qarşısında loyallıq və məsuliyyət borcu kimi deyil, sadəcə dövlət orqanının yoxlamasından keçmək üçün bir öhdəlik kimi qəbul edilir.
Peşəkar mütəxəssis dəstəyindən istifadə etməmək: Bir çox hallarda müəssisə sahibləri ekspert rəyi almaqdan qaçır və hər şeyi öz bildiyi kimi həll etməyə çalışır. Nəticədə mütəxəssis biliyi olmadan qurulan sistem qlobal tələblərə cavab vermir.
Maliyyə çatışmazlığı: Bir sıra hallarda müəssisələr tələblərin icra edilməsini zəruri olduğunu qəbul etsələr də, onların icrasına maliyyə resurslarının olmamasını əsas gətirirlər.
Çıxış yolları nədir?
Dünyanın qabaqcıl qida sektorlarında bu çətinlikləri aşmaq üçün aşağıdakı addımlar atılır:
Yanaşmanın dəyişilməsi. Qida təhükəsizliyi təmin olunması dövlətin yox, sahibkarın öz istehlakçıları qarşısında məsuliyyətidir. Qida təhlükəsizliyi xərcləri davamlı biznes üçün investisiyadır.
Tələblərin təməldən tətbiqi: Beynəlxalq təcrübədə müəssisə hələ layihə mərhələsində ikən bütün tələblər nəzərə alınır. Bu, gələcəkdə yarana biləcək fiziki və maliyyə çətinliklərini öncədən sığortalayır.
Risk əsaslı nəzarət sistemləri: Məsələn, HACCP prinsiplərinin tətbiqi ilə təkcə son məhsulun deyil, istehsalın hər bir addımının təhlükəsizliyi təmin olunur. Bu, müəssisəyə öz işini daha rahat idarə etmək imkanı verir.
Mütəmadi daxili monitorinqlər: Yoxlamanı kənardan gözləmək əvəzinə, müəssisə öz daxilində tələblərin necə yerinə yetirildiyini yoxlayan mexanizm qurur. Bu, qəfil yaranan böhranların qarşısını alır.
İşçi heyətinin maarifləndirilməsi: Tələbləri sadəcə rəhbərlik deyil, sıravi işçi də dərk etməlidir. Davamlı təlimlər müəssisədə qida təhlükəsizliyi mədəniyyətini formalaşdırır.
Ekspert xidmətlərindən yararlanmaq: Professional məsləhət xidmətləri müəssisəyə həm yerli, həm də beynəlxalq tələblərə ən qısa və səmərəli yolla uyğunlaşmağa kömək edir.
Nəticə olaraq:
Müəssisələrin çətinlik çəkməsinin səbəbi qaydaların çətinliyi deyil, onlara yanaşma tərzidir. Tələbləri bir yük deyil, keyfiyyət və etibar göstəricisi kimi qəbul etmək hər bir biznesi uğura aparır.
Elxan Mikayılov