Bakının məşhur hotellərində toy etmək neçəyə başa gəlir? - ARAŞDIRMA
Toy mərasimini fərqli etmək istəyənlər üçün Bakının lüks hotelləri həm komfort, həm də prestij baxımından ideal seçimdir. Hazırda paytaxtda fəaliyyət göstərən tanınmış hotellər fərqli büdcə və zövqlərə uyğun çeşidli paketlər təklif edir. Bu məkanlarda qiymətlər əsasən menyunun zənginliyinə, təqdim olunan əlavə xidmətlərə və zalın qonaq tutumuna görə müəyyənləşir.
Operativ Media Bakının məşhur hotellərində toy etməyin neçəyə başa gəldiyini araşdırıb.
"Four Seasons Hotel Baku"da bir nəfərlik menyu qiyməti 225 AZN-dən başlayır. Bu qiymətə bol çeşidli yeməklər daxil olsa da, çəkiliş, musiqi xidməti və dekorasiya ayrıca təşkil olunmalıdır. Zalın tutumu təxminən 25 masa üçün nəzərdə tutulub ki, bu da daha butik və elit toy istəyənlər üçün uyğundur.
"Baku Marriott Hotel Boulevard"da menyu qiymətləri 195, 275 və 330 AZN arasında dəyişir. Bu qiymətlərə artıq 18% ƏDV və 5% servis haqqı daxil edilib. Paketin üstün cəhətlərindən biri çəkilişin və bəy-gəlin üçün VIP otağın qiymətə daxil olmasıdır. Hotel təxminən 450 nəfərlik tutumu ilə böyük toylar üçün əlverişlidir.
"Sheraton Baku Intourist"də bir nəfər üçün ümumi xidmət haqqı 150–180 AZN aralığındadır. Menyu seçimləri isə tərkibindən asılı olaraq 115 AZN-dən başlayıb 275 AZN-ə qədər yüksələ bilir. Bu məkan orta büdcəli, lakin keyfiyyətli xidmət axtaranlar üçün yaxşı variantdır.
"Hilton Baku"da toylar əsasən otelin ən böyük məkanı olan 660 kvadratmetrlik Sevda zalında keçirilir. Burada minimum depozit 30 000 AZN təşkil edir və bura yemək-içki xərcləri daxildir. Menyu qiymətləri 180–280 AZN arasındadır. Paketə pulsuz yemək dadımı, fotosessiya və bir gecəlik qalma imkanı daxil olsa da, dekorasiya müştəri tərəfindən ayrıca həll edilməlidir.
"Ramada by Wyndham" Baku təxminən 600 nəfərlik tutumu ilə böyük toy məclisləri üçün ən geniş məkanlardan birini təqdim edir. Hyatt Regency Baku isə daha səmimi və kiçik toylar üçün nəzərdə tutulub. Burada menyu qiymətləri 104, 120 və 150 AZN təşkil edir. Zalın tutumu 180–200 nəfərdir və sıxlıq yaranmaması üçün bu sayın keçilməməsi tövsiyə olunur.
"Courtyard by Marriott Baku"da isə hazırda banket zalı fəaliyyət göstərməsə də, avqust ayından etibarən 100 nəfərlik yeni zalın istifadəyə verilməsi planlaşdırılır.
Ümumilikdə, seçim edərkən yalnız qiymətə deyil, paketə daxil olan əlavə xidmətlərə və zalın toyun konseptinə uyğunluğuna diqqət yetirmək vacibdir.





