DSX-nin sərhədçiləri “Heydər zirvəsi”ndə - FOTO
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində Dövlət Sərhəd Xidmətinin (DSX) bir qrup hərbi qulluqçusu Azərbaycanın memarı və qurucusu, Milli Sərhəd Strategiyasının banisi, xalqımızın dahi öndəri Heydər Əliyevin əziz xatirəsinə sərhədçi ehtiramı olaraq Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə növbəti yürüş təşkil edib.
DSX-nin mətbuat mərkəzindən Operativ Media-ya verilən məlumata görə, Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin “Xınalıq” sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirakçıları soyuq hava şəraitinə, mürəkkəb relyefə malik dağlıq ərazini böyük əzmkarlıqla qət edərək “Heydər zirvəsi”nə təyin olunmuş vaxtda çatıblar.
Zirvədə “Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusu, Dövlət Sərhəd Xidmətinin yaradıcısı, Azərbaycanın özü qədər əbədi olan Dahi Öndər” sözləri yazılan plakat, Ümummilli Liderin şəkli, şanlı Zəfər bayrağımız və DSX-nin emblemi ucaldılaraq Dövlət Himni ifa edilib.
Sərhədçilər tərəfindən qaya üzərində “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur – 103 il” sözləri əks olunmuş xatirə lövhəsi bərkidilib.