Menyu

Azərbaycan İngiltərə təşkilatı tərəfindən mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

Şəfa Hüseynli
Azərbaycan İngiltərə təşkilatı tərəfindən mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti (Dövlət Xidməti) “Mədəni irsin qorunması və innovasiyası üzrə qlobal liderlik” nominasiyasında beynəlxalq müsabiqədə 2026-cı il üzrə qalib elan olunub.

Bu barədə Operativ Media-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Mükafat İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərən və qlobal brendlər üzrə ən son yenilikləri, analitik baxışları işıqlandıran nüfuzlu onlayn media platforması “Brands Review Magazine” jurnalı tərəfindən təqdim olunub. Qiymətləndirmə prosesində Azərbaycanda mədəni irsin qorunması sahəsində rəqəmsallaşdırma, Dördüncü Sənaye İnqilabının texnologiyalarının tətbiqi, məlumat bazalarının effektiv idarə olunması, həmçinin, işğaldan azad olunmuş ərazilərdə mədəni irsin qorunması, bərpası, istiqamətində həyata keçirilən layihələr beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib.

Son illərdə təkcə Dövlət Xidməti tərəfindən ölkə üzrə 80-ə yaxın mühüm tarix-memarlıq abidəsində bərpa, konservasiya və möhkəmləndirmə işləri aparılıb. Son illərdə Azərbaycanın bir sıra mədəni irs nümunələri UNESCO-nun İlkin Siyahısına daxil edilmişdir. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yerləşən 749 abidə isə dövlət mühafizəsinə götürülmüş, geniş inventarlaşdırma və pasportlaşdırma işləri aparılmış, onların rəqəmsal platformalara inteqrasiyası istiqamətində işlər davam etdirilir. Mədəni irs sahəsində ən mühüm nailiyyətlərdən biri isə Vahid Mədəniyyət Reyestri (VMR) vahid informasiya sisteminin yaradılmasıdır. VMR çərçivəsində mədəni irs obyektlərinin ən qabaqcıl texnologiyalar (Coğrafi İnformasiya Sistemi, peyk texnologiyaları, dron texnologiyaları, Lidar və s.) tətbiq edilməklə mərhələli və sistematik rəqəmsallaşdırılması icra edilməkdədir. Artıq 3100 abidə barədə məlumat sistemə inteqrasiya edilmişdir. Mədəni irs sahəsində vətəndaş mərkəzli xidmət modelinin formalaşdırılması məqsədi ilə 6 xidmətin “bir pəncərə” prinsipləri əsasında rəqəmsal formada fəaliyyəti təmin edilmişdir. Vətəndaş müraciətləri isə “MyCulture” vahid portalı üzərindən qəbul olunur.

Dövlət Xidməti hazırda fəaliyyətini “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasına uyğun olaraq davam etdirir. Eyni zamanda ölkə tarixində ilk dəfə mədəni və təbii irs ekosisteminə vahid yanaşmanı təmin edən xüsusi dövlət proqramının layihəsi tamamlanmaq üzrədir.

Ümumilikdə, həyata keçirilən sistemli və innovativ tədbirlər ölkənin bu sahədə qlobal nüfuzunu gücləndirməklə yanaşı, mədəni irsin qorunmasının dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu beynəlxalq miqyasda təsdiqləyir.

Əlaqəli Xəbərlər