Azərbaycan XİN rəhbəri və "D-8" təşkilatının baş katibi arasında əməkdaşlığın inkişafı müzakirə edilib
Operativ Media
Antalya Dioplomatik Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "D-8"in Baş katibi Soheyl Mahmud ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Tərəflər siyasi, iqtisadi, ticarət, enerji, investisiya, nəqliyyat və logistika sahələrində Azərbaycan-"D-8" əməkdaşlığının inkişaf etdirilməsini müzakirə ediblər", - məlumatda bildirilib və Azərbaycanın "D-8"ə qoşulduqdan sonra fəal iştirakı, o cümlədən Azərbaycanda keçirilən "D-8 Həftəsi" kimi təşəbbüslər və Media və Nəqliyyat üzrə D-8 Mükəmməllik Mərkəzlərinin, "D-8 Enerji və İqlim Mərkəzi"nin yaradılması istiqamətində davam edən səylər yüksək qiymətləndirilib.
Regional və qlobal təhlükəsizlik məsələlərinə də toxunulub, Yaxın Şərqdə gərginliyin azaldılmasına, beynəlxalq humanitar hüquqa riayət olunmasına və mülki şəxslərin qorunmasına xüsusi diqqət yetirilib.