Almaniya və Azərbaycan arasında rəsmi sənədlərin tanınması qaydaları sadələşdirilib
Operativ Media
Almaniyada yaşayan Azərbaycan vətəndaşları üçün sənədləşmə işlərində mühüm bir yenilik edilib.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev "X"də paylaşım edib.
O, bildirib ki, Almaniya və Azərbaycan arasında rəsmi sənədlərin tanınması qaydaları sadələşdirilib:
"Yeni qaydalara əsasən, artıq iki ölkə arasında sənədlərin səfirliklər vasitəsilə qanuniləşdirilməsi (leqallaşdırılması) proseduru tamamilə dayandırılıb. Bunun əvəzinə daha sadə olan "Apostil" prosedurunun tətbiqinə başlanılıb.
Hər iki dövlət 1961-ci il tarixli Haaqa Apostil Konvensiyasının üzvüdür. Bu konvensiyaya görə, bir ölkənin verdiyi rəsmi sənədin digərində tanınması üçün yalnız "Apostil" möhürü kifayətdir və əlavə təsdiq tələb olunmur. 2026-cı ilin mart ayından etibarən bu sistem Almaniya və Azərbaycan arasında tam qüvvəyə minib.
Bu yenilik nəticəsində Almaniyada verilmiş rəsmi sənədlər yerli dövlət qurumlarında apostil möhürü vurulduqdan sonra birbaşa Azərbaycanda tanınır. Artıq həmin sənədləri Azərbaycanın Berlindəki səfirliyinə aparmağa ehtiyac qalmır. Eyni qayda Azərbaycanda verilən sənədlərə də aiddir; bu sənədlər apostil möhürü ilə Almaniyada rəsmi qəbul edilir və Almaniyanın Bakıdakı səfirliyində əlavə leqallaşdırma tələb olunmur.
Bu addım iki ölkə arasındakı qarşılıqlı etimadı gücləndirməklə yanaşı, vətəndaşların sənədləşmə prosesində vaxt itkisini və əlavə xərclərini aradan qaldırır".