"Avroviziya-2026"da mahnının süni intellekt vasitəsilə yaradılması barədə fikirlərə cavab verilib
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Azərbaycanın "Avroviziya 2026" Beynəlxalq Mahnı Müsabiqəsindəki təmsilçisi və mahnısı ilə bağlı rəsmi açıqlama yayıb.
Operativ Media-nın məlumatına görə, açıqlamada bildirilir ki, Azərbaycanın "Avroviziya 2026" Beynəlxalq Mahnı Müsabiqəsində təmsilçisi JIVA-nın ifa etdiyi "Just Go" mahnısı ictimaiyyətə təqdim olunub.
Qeyd olunub ki, son günlər sosial şəbəkələrdə Azərbaycan təmsilçisi, mahnı seçimi və yaradıcı heyətlə bağlı müxtəlif müzakirələr fonunda ictimaiyyətə seçim prosesi barədə daha ətraflı məlumat vermək zərurəti yaranıb:
"Azərbaycanın builki təmsilçisinin müəyyənləşdirilməsi prosesi çoxmərhələli və peşəkar seçim əsasında həyata keçirilib. Bu yanaşma nümayəndə heyətinin 2023-cü ildən etibarən ardıcıl tətbiq etdiyi seçim modelinə uyğundur. Qeyd edilməlidir ki, son illərdə bu prosesə maraq əhəmiyyətli dərəcədə artıb. Əgər əvvəlki dövrlərdə mahnı seçimində xarici müəlliflərin payı daha yüksək idisə, son illərdə yerli bəstəkar və müəlliflərin fəallığı nəzərəçarpacaq dərəcədə yüksəlib. Bu il təqdim olunan mahnılar arasında da yerli müəlliflərin üstünlük təşkil etməsi sevindirici haldır.
Seçim mərhələsinə ümumilikdə 100 müraciət daxil olub və bu çərçivədə 186 mahnı təqdim edilib. Təqdim olunan mahnıların 107-si yerli müəllif və ifaçılar, 79-u isə xarici müəlliflər tərəfindən göndərilib. İlkin mərhələdən etibarən seçim prosesi çərçivəsində JIVA-nın namizədliyi ekspertlər tərəfindən ayrıca nəzərdən keçirilib və onun 2025-ci ildə "Səs Azərbaycan" layihəsinin qalibi kimi əldə etdiyi uğur da qiymətləndirmədə nəzərə alınıb. Bu yanaşma onun artıq peşəkar səhnədə özünü təsdiqləmiş ifaçı olması, güclü canlı vokal imkanları və illərlə formalaşmış səhnə təcrübəsi ilə əsaslandırılıb. Digər müraciətlər peşəkar heyət tərəfindən qiymətləndirilib və növbəti mərhələyə 18 namizəd seçilərək dəvət olunub. Bu mərhələdə onlar üçün canlı dinləmələr və fərdi müsahibələr təşkil edilib. Namizədlərin vokal imkanları, səhnə təqdimatı, artistik ifadə üslubu və beynəlxalq auditoriya üçün potensialı xüsusi diqqətlə qiymətləndirilib. Dinləmələrin nəticəsində daha iki namizəd müəyyənləşdirilib və beləliklə, yekun qısa siyahı üç iştirakçıdan ibarət olub. Yekun qərar xüsusi formalaşdırılmış fokus qrupunun və ekspert rəyinin nəticələri əsasında qəbul olunub. Nəzərə alınan əsas meyarlardan biri də bu ildən etibarən "Avroviziya"nın yarımfinal mərhələsində münsiflər səsverməsinin yenidən tətbiq edilməsidir. Bu dəyişiklik fonunda güclü canlı ifa və sabit vokal imkanları xüsusi əhəmiyyət daşıdığı üçün seçim zamanı bu meyar əsas prioritetlərdən biri kimi nəzərə alınıb. Məhz bu baımdan JIVA-nın namizədliyi daha qabarıq şəkildə önə çıxıb və o, Azərbaycanın 2026-cı il təmsilçisi kimi seçilib.
JIVA (Cəmilə Həşimova) güclü vokalı, təcrübəli ifası və səhnə səmimiyyəti ilə tanınan azərbaycanlı müğənnidir. Onun yaradıcılıq yolu 2003-cü ildə keçirilən "Bakı Payızı" müsabiqəsində ikinci yer qazanması ilə başlayır. 2007-ci ildə "Show Time" layihəsində iştirak edib, 2011-ci ildə isə "Avroviziya" milli seçim həftəsində ilk üçlüyə daxil olub. Müğənni müxtəlif musiqi layihələrində uğurla iştirak edib. O, Xalq artisti Rəşad Haşımovun rəhbərlik etdiyi məşhur RAST ansamblı ilə çıxış edib və Montreux Jazz Festivalında səhnəyə çıxıb. Daha sonra Hazz Band qrupunun solisti kimi çıxış edərək caz elementlərini müasir estrada ilə birləşdirib. 2017-ci ildən etibarən JIVA solo karyerasını davam etdirir, pop, dance və R&B janrlarında Azərbaycan, rus və ingilis dillərində mahnılar ifa edir. 2018-ci ildə o, "Jara" Beynəlxalq Musiqi Festivalının böyük səhnəsində çıxış edib, 2025-ci ildə isə Röya Ayxanın komandasında "Səs Azərbaycan" layihəsinin qalibi olub.
Azərbaycanı "Avroviziya 2026"da təmsil edəcək mahnı - "Just Go" - sevgi, kədər və daxili güc haqqında emosional balladadır. Mahnının söz və musiqisinin müəllifi ABŞ-da yaşayan azərbaycanlı bəstəkar Fuad Cavadovdur. O, uzun illərdir həm Azərbaycanda, həm də ABŞ-da müxtəlif musiqi layihələrində fəaliyyət göstərən bəstəkar və prodüserdir. 1961-ci ildə Bakıda anadan olan Fuad Cavadov əvvəlcə 6 saylı musiqi məktəbində akkordeon ixtisası üzrə təhsil alıb, daha sonra Asəf Zeynallı adına Musiqi Kollecinin musiqi nəzəriyyəsi və bəstəkarlıq fakültəsinə daxil olub. Təhsil illərində paralel olaraq "Azkonsert"də İlhama Quliyeva, Nisə Qasımova, Mübariz Tağıyev və digər tanınmış sənətçilərlə çalışıb, həmçinin öz vokal-instrumental kollektivini yaradaraq konsert proqramları ilə çıxış edib. 1986-cı ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olan bəstəkar burada xor dirijorluğu və bəstəkarlıq ixtisasları üzrə təhsil alıb. Təhsil illərində onun bəstəkarlıq müəllimləri Əziz Əzizov, Leonid Vaynşteyn və Fərəc Qarayev olub. Məhz onların rəhbərliyi altında müxtəlif musiqi alətləri və vokal üçün klassik instrumental əsərlər bəstələyib. 1995-ci ildən etibarən ABŞ-da yaşayan Fuad Cavadov beş musiqi albomu buraxıb, film və televiziya layihələri üçün musiqilər yazıb və hazırda Los-Ancelesdə yaradıcılıq fəaliyyətini davam etdirir. Qeyd edək ki, Fuad Cavadov Amerika Bəstəkarlar Assosiasiyasının üzvüdür.
Bununla yanaşı, seçim mərhələsində təqdim olunan bütün mahnılar ümumi qaydalar çərçivəsində diqqətlə nəzərdən keçirilib və onların hazırlanma prosesi ilə bağlı zəruri meyarlar qiymətləndirilib. Son günlər sosial şəbəkələrdə mahnı və onun müəllifi ilə bağlı müxtəlif iddialar, o cümlədən əsərin guya süni intellekt vasitəsilə yaradılması barədə fikirlər səsləndirilir. Bildiririk ki, bu fikirlər həqiqəti əks etdirmir. "Just Go" peşəkar yaradıcı yanaşma əsasında hazırlanmış orijinal bir musiqi əsəridir və onun arxasında uzun illərə söykənən təcrübə, peşəkar bilik və yaradıcı əmək dayanır.
Biz hər zaman konstruktiv tənqidə açığıq. "Avroviziya" kimi böyük bir platformada fərqli fikirlərin olması təbiidir. Bununla yanaşı, ictimai müzakirələrin qarşılıqlı hörmət, sağlam fikir mübadiləsi və obyektiv yanaşma çərçivəsində aparılmasının daha doğru olduğuna inanırıq.
JIVA bu il Azərbaycanı beynəlxalq səhnədə təmsil edəcək istedadlı, zəhmətkeş və layiqli sənətçidir. O, bu fürsəti peşəkar hazırlığı, illərlə formalaşmış yaradıcılığı və səhnə bacarığı ilə qazanıb".
Qeyd edək ki, 70-ci "Avroviziya" Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək və canlı şoular 12, 14 və 16 may 2026-cı il tarixlərində baş tutacaq.