Samir Dübəndi: Bayram tətilində bölgələrdəki hotellərdə doluluğun 90 faizə çatacağı gözlənilir
“Bu il Novruz və Ramazan bayramlarının eyni dövrə düşməsi Azərbaycanda daxili turizmə ənənəvi olaraq müsbət təsir göstərən amillərdən biri hesab olunur. İlkin məlumatlara və hotellərdən daxil olan rezervasiya siqnallarına əsasən, bayram günlərində ölkənin turizm regionlarında doluluq səviyyəsinin əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Xüsusilə Qəbələ, Şəki, Quba-Qusar, Şamaxı, İsmayıllı və Naftalan kimi istiqamətlərdə hotellərin doluluq səviyyəsinin bayram günlərində orta hesabla 70–90 faiz aralığında olacağı proqnozlaşdırılır. Bu regionlar ənənəvi olaraq ailəvi istirahət və qısa müddətli bayram səfərləri üçün daha çox seçilir”.
Bu sözləri Operativ Media-ya açıqlamasında Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyib.
O bildirib ki, Bakı şəhərində vəziyyət bir qədər fərqli dinamika göstərir:
“Paytaxt hotellərində bayram günlərində doluluq əsasən 60–75 faiz civarında gözlənilir. Bunun səbəbi ondan ibarətdir ki, Novruz dövründə yerli turistlərin bir hissəsi məhz regionlara üz tutur, eyni zamanda Ramazan ayı restoran və əyləncə sektorunun fəaliyyət ritminə müəyyən təsir göstərir. Bununla belə, Bakıda şəhər turizmi, işgüzar səfərlər və bəzi xarici turist axını hesabına stabil rezervasiya səviyyəsi qorunur.
İlkin rezervasiya məlumatları göstərir ki, hotellərdə sifarişlərin böyük hissəsi bayrama 2–3 həftə qalmış dövrdə formalaşır və son günlərdə əlavə bronların sayı da artır. Buna görə də son doluluq göstəricilərinin bayrama yaxın günlərdə daha da yüksəlməsi mümkündür".
