"Sumqayıt"ın baş məşqçisi: "İnana bilmirəm ki, bu cür asan qollar buraxdıq"
"Sumqayıt" Misli Premyer Liqasının 22-ci turunda səfərdə "Kəpəz"ə 0:3 hesabı ilə məğlub olub.
Operativ Media xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında “kimyaçılar”ın baş məşqçisi Saşa İliç məğlubiyyəti şərh edib. Serbiyalı mütəxəssis komandasının ilk hissədə çox zəif çıxış etdiyini bildirib:
“Kəpəz”i qələbə münasibətilə təbrik edirəm. Fikrimcə, bura gəldiyim vaxtdan bu yana ən pis birinci hissəni oynadıq. İnana bilmirəm ki, bu cür asan qollar buraxdıq. İkinci hissəyə bir az yaxşı başladıq. Amma Ninkoviçin meydanı tərk etməsi oyuna təsirini göstərdi”.
Son 8 matçda cəmi 1 qələbə qazanmaları ilə bağlı suala cavab verən baş məşqçi daha yaxşı oynamağa çalışacaqlarını deyib: “Ramalinqonun bir oyunluq cəzası qalıb. Bizi kubok matçı da gözləyir. Mövcud oyunçularla davam edəcəyik”.
Yankoviçin start heyətində yer almamasına toxunan İliç futbolçunun səhhətində problem olduğunu açıqlayıb: “Yankoviçin hərarəti yüksək idi. İki məşqdə iştirak etməmişdi”.
Ninkoviçin ikinci sarı vərəqə alaraq meydandan qovulmasına da münasibət bildirən mütəxəssis fasilədə futbolçuya ehtiyatlı oynamağı tapşırdığını vurğulayıb: “Düzü, ikinci sarı vərəqə aldığı epizodda o qədər də kobud oynadığını düşünmürəm. Baş hakim bu qərarı verdi, hörmətlə yanaşırıq”.
Komandada xarakter çatışmazlığı ilə bağlı səslənən fikirlərə isə İliç belə cavab verib: “Deməzdim ki, mən rahatam. Təbii ki, bununla bağlı müəyyən işlər görülür. İlk 20 dəqiqədə buraxılan qollar komandanın oyununu sındırdı”.