XVII Beynəlxalq Multikulturalizm Məktəbinə start verilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Azərbaycanın mədəniyyətlərarası kontekstində: Şəhər yaddaşı və memarlıq” mövzusunda XVII Beynəlxalq Multikulturalizm Məktəbinə start verib.
Operativ Media xəbər verir ki, Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər güllər düzüblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.
Daha sonra iştirakçılar Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər. Məktəb iştirakçılarına Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsi təqdim olunub, Şəhidlər xiyabanının tarixi və şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, fevralın 25-dən martın 3-dək davam edəcək XVII Beynəlxalq Multikulturalizm Məktəbində dünyanın 20 ölkəsindən 25-dən artıq tələbə iştirak edir. İştirakçılar Bakı şəhəri ilə yanaşı, Quba və Qusar rayonlarına da səfər edərək Azərbaycandakı multikultural mühit, tolerant əhvali-ruhiyyə, etnik və dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların və fərqli konfessiyaların nümayəndələrinin dinc, yanaşı yaşaması barədə ətraflı məlumat əldə edəcəklər.
Məktəb çərçivəsində “Öz xalqını təqdim et” adlı musiqili axşamlar da təşkil olunacaq. Bu tədbirlərdə iştirakçı tələbələr öz xalqlarının mədəniyyəti, adət-ənənələri barədə təqdimatlarla çıxış edəcəklər.
Xatırladaq ki, yay və qış məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Layihə çərçivəsində dünyanın və Azərbaycanın ali təhsil müəssisələrində Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün yay və qış məktəbləri təşkil olunur. Məqsəd gənclərin nəzəri biliklərinin multikultural və tolerant dəyərlərin qorunub yaşandığı Azərbaycanda praktiki müşahidə ilə möhkəmləndirilməsidir.
Artıq dəyərli ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarından ibarət ünsiyyət platforması və güclü intellektual lobbi formalaşıb. Bu proses Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflərin uğurla reallaşdırıldığını bir daha sübut edir.