Menyu

AQTİ halal sertifikatlaşdırma prosesinə start verib

Nərmin Qocamanlı
AQTİ halal sertifikatlaşdırma prosesinə start verib

“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamının icrası çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) halal sertifikatlaşdırma ilə bağlı yaradılan komitələrin üzvləri ilə görüş keçirilib. 

Qida Təhlükəsizliyi Agentliyindən "Operativ Media"ya verilən məlumata görə, görüşdə çıxış edən AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev bildirib ki, İnstitut tərəfindən halal sertifikatlaşdırma prosesinin təşkil olunması məqsədilə Sertifikatlaşdırma, Qərəzsizlik və Şikayətlər üzrə komitələr formalaşdırılıb. Komitələrin tərkibi Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri və müəllim heyəti, müstəqil ekspertlər və AQTİ-nin mütəxəssislərindən ibarətdir. 

Həmçinin qeyd edilib ki, İnstitutun “HALAL” uyğunluq sertifikatının beynəlxalq səviyyədə tanınması üçün İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən müəyyən edilmiş beynəlxalq standarta uyğun olaraq Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumuna (HAK) müraciət edilib. 

Akkreditasiya tədbirləri çərçivəsində ilkin olaraq “Səhliyalı” Kiçik Müəssisəsində “OIC/SMIIC-1:2019 HALAL qidaya dair ümumi tələblər” standartı üzrə sertifikatlaşdırma prosesi ilə bağlı audit həyata keçirilib. Müvafiq standarta uyğun olaraq, müəssisədə halal kəsim qaydalarının, qida təhlükəsizliyi və halal standartları üzrə tələblərin yerinə yetirilməsi səviyyəsi və uyğunluğu qiymətləndirilib. 

Daha sonra görüşdə müvafiq komitələrin işinə, həmçinin sertifikatlaşdırma prosesi çərçivəsində həyata keçirilən işlərə, hədəflərə və digər məsələlərə dair müzakirələr aparılıb.
 

Teqlər:

"AQT\u0130 halal sertifikatla\u015fd\u0131rma prosesin\u0259 start verib"

Fotogalereya

Əlaqəli Xəbərlər