Restoranlarda nərə balığı adı ilə satılan nədir?
“Restoranlarda nərə balığı adı ilə verilən balıqların bu balıqla yaxından uzaqda əlaqəsi yoxdur. Xaricdən gətirilmiş ucuz dondurulmuş balıqlar nərə adı ilə satılır”.
Bunu “Operativ Media”ya açıqlamasında balıqçılıq üzrə mütəxəssis İlkin Novruzov deyib.
İlkin Novruzovun sözlərinə görə, hazırda nərə balığının satış qiyməti yüksək olduğundan bir çox restoranlar bu məhsulu menyularına daxil etmirlər:
“Müştərilərə aşağı qiymətə təklif olunan balıqlar ya xaricdən idxal olunan donmuş məhsullardır, ya da bu ad altında digər balıq növləridir. Paytaxtın bəzi iaşə obyektlərində nərə balığı müştərilərə ucuz qiymətə təklif olunur. 1 kiloqramı 80-110 manat arası dəyişən bu dəniz məhsulunun 200-300 qramı bir sıra kafe-restoranlarda 15-20 manat aralığındadır. Əlbəttə bu real deyil. Nərə bahalı balıq sayılır. Toylarda da nərə adı ilə verilən balıqlar da dondurulmuş ucuz balıqlardır”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, belə aldadılma halları ilə bağlı birliyə çox müraciətlər daxil olur.
Onun sözlərinə görə, ümumilikdə balıq məhsulları ilə əlaqədar məsələdə istehlakçı hüquqları daha çox pozulur:
“Bəzi balıqlar var ki, manqalda bişirildikdə dadı yaxın olur. Xüsusilə naqqa balığını nərədən fərqləndirə bilməyənlər çoxdur. Bununla yanaşı Vyetnamdan panqus balıqları da gətirilir ki, onların da yoxlanılmasına ehtiyac var. Ölkə xaricindən nərə balığına oxşar çox balıq idxal edilir. Əsas məsələ odur ki, aidiyyatı qurumlar yoxlamalar aparmalıdır. Həqiqətən müştəriyə nərə balığı adı ilə satılan nədir”.