Sudanda infrastruktura, səhiyyəyə, təhsilə, iqtisadiyyata və cəmiyyətə böyük ziyan vuran vətəndaş müharibəsinin 100-cü günü tamam olur.
Bu barədə "Operativ Media" dünya mətbuatına istinadən xəbər verir.
Sudanda münaqişələr keçmiş prezident Ömər əl-Bəşirin 30 illik hakimiyyətinin 2019-cu ilin aprelində xalq inqilabı ilə devrilməsindən sonra illərlə davam edən iqtisadi və siyasi böhranlardan sonra baş verib.
Sudan Səhiyyə Nazirliyinin məlumatına görə, qarşıdurmalarda 3000-dən çox insan həlak olub. Vətəndaş müharibəsində ən azı 435 uşağın həlak olduğu, 2025 uşağın isə yaralandığı bildirilir. UNİCEF 50 milyon əhalisi olan Sudanın yarısının humanitar yardıma ehtiyacı olduğunu açıqlayıb.
Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatı (BMT) bildirib ki, Sudanda vəziyyət pisləşdiyi üçün qaçqınların sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2,6 milyondan çox insan münaqişələr səbəbilə məcburi köçkün vəziyyətinə düşüb.