Leandro Andrade: "Məni "Qarabağ"da "qızıl oğlan" adlandırırdılar"
"Qarabağ"ın keçmiş yarımmüdafiəçisi Leandro Andrade Ukraynanın "Polissya" klubuna transfer olunması və yeni komandasındakı hədəfləri barədə fikirlərini bölüşüb.
Operativ Media xəbər verir ki, bu barədə futbolçu Jitomir təmsilçisinin rəsmi mətbuat xidmətinə müsahibəsində bildirib.
O, hücummeyilli və qələbəyə oynayan komandaya keçdiyi üçün məmnunluğunu ifadə edib:
"Bir futbolçu kimi daim qələbələr qazanan və cəlbedici futbol nümayiş etdirən layihə axtarırdım. "Polissya"nın ötən mövsümkü oyunlarının icmalına baxmışam. Klub rəhbərliyi məni heyətdə görməyi çox istəyirdi. İrəli getmək üçün hər cür şəraitimiz var; komanda topa nəzarət edir və yüksək pressinq tətbiq edir".
Karyerasındakı bu dəyişikliyin asan olmadığını qeyd edən portuqaliyalı vinger Ağdam klubundakı xatirələrini də anıb:
"4,5 il ərzində doğma evimə çevrilən bir məkanı tərk etmək asan deyil. Orada ömürlük dostlar qazandım və azarkeşlərin böyük sevgisini hiss etdim. Məni orada tez-tez "qızıl oğlan" çağırırdılar. Amma Avropada qalmaq və inkişaf etmək istəyən bir klubda oynamaq niyyətində idim. Buradakı şərait haqqında öncədən məlumat toplamağım qərarıma böyük təsir göstərdi".
Andrade transfer prosesində "Qarabağ"dakı sabiq komanda yoldaşı Oleksiy Kaşuk və ukraynalı fizioterapevtin tövsiyələrinin mühüm rol oynadığını bildirib:
"Kaşuka bu klubun adını çəkəndə ilk sözü "get" oldu. O, Ukraynanın çox gözəl ölkə, insanlarının isə mehriban olduğunu və özümü evdəki kimi hiss edəcəyimi dedi. Düşünürəm ki, buradakı mentalitet Portuqaliya və ya Kabo-Verdedən çox fərqlənmir. "Qarabağ"da çalışan ukraynalı fizioterapevt də tərəddüd etmədən getməyimi məsləhət gördü. Müharibə haqqında yetərincə məlumatı olmayan əcnəbi üçün müəyyən risklər var, lakin bir çox legioner uzun müddətdir Ukraynada çıxış edir və xoşbəxtlikdən başlarına heç bir pis hadisə gəlməyib".
Təcrübəli yarımmüdafiəçi uşaqlıqdan azarkeşlik etdiyi "Benfika"ya Çempionlar Liqasında qol vurduğu və 3:2 hesabı ilə qalib gəldikləri oyunu heç vaxt unutmayacağını vurğulayıb. O, həmçinin "Qarabağ"ın ötən mövsüm "Kopenhagen"lə matçını xatırladaraq, "Polissya" ilə Konfrans Liqasında uğur qazanmaq istədiyini diqqətə çatdırıb.
Qeyd edək ki, "Sportinq" (Lissabon) və "Olianense" məktəbinin yetirməsi olan 26 yaşlı futbolçunun transferi Jitomir klubuna 3 milyon avroya başa gəlib.