Menyu

Deputat: Bakı–Berlin əməkdaşlığı yeni geosiyasi reallıqlar fonunda güclənir

Ayşən Sadıxzadə
Deputat: Bakı–Berlin əməkdaşlığı yeni geosiyasi reallıqlar fonunda güclənir

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə xidmət edən mühüm siyasi hadisədir. Prezident İlham Əliyevin 2004-cü ildə Almaniyaya ilk rəsmi səfəri ilə əsası qoyulan ali səviyyəli siyasi dialoq sonrakı illərdə Almaniyanın bütün federal kanslerləri və federal prezidentləri ilə uğurla davam etdirilib. Federal Kansler Fridrix Mertsin dəvəti ilə baş tutan bu səfər Prezident İlham Əliyevə göstərilən yüksək etimadın, Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edilməsinin növbəti təsdiqidir. Rəsmi və işgüzar səfərlər nəzərə alınmaqla, bu, Prezident İlham Əliyevin Almaniyaya 18-ci səfəridir ki, bu da Bakı ilə Berlin arasında yüksək səviyyəli siyasi dialoqun intensivliyini bir daha nümayiş etdirir.

Bu sözləri Operativ Media-ya deputat, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib. 

O bildirib ki, 2018-ci ilin avqustunda Federal Kansler Angela Merkelin, 2023-cü ilin aprelində isə Federal Prezident Frank-Valter Ştaynmayerin Azərbaycana səfərləri də ikitərəfli münasibətlərə verilən önəmin bariz nümunəsidir. Prezident İlham Əliyev eyni zamanda hər il keçirilən Münxen Təhlükəsizlik Konfransının daim dəvət olunan və çıxışları böyük maraqla izlənilən ali qonaqları sırasında yer alır:

“Prezident İlham Əliyevin iyulun 20-də başlayan bu rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Səfər ikitərəfli əməkdaşlığın geniş gündəliyini əhatə etməklə yanaşı, Azərbaycanın Avropa ilə tərəfdaşlığının daha da dərinləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Bu səfər Avropa İttifaqı ilə münasibətlərin möhkəmlənməsinə, enerji təhlükəsizliyi, logistika, investisiyalar və regional təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra regionda yaranmış yeni geosiyasi reallıqlar həm ikitərəfli münasibətlər, həm də Avropa İttifaqı ilə əməkdaşlıq kontekstində yeni imkanlar formalaşdırıb. Eyni zamanda Almaniyanın və Avropa İttifaqının Mərkəzi Asiya ilə intensivləşən iqtisadi-ticarət əlaqələri fonunda Orta Dəhliz və Azərbaycanın yaratdığı müasir nəqliyyat-logistika infrastrukturu Berlin və Brüssel üçün xüsusi strateji əhəmiyyət kəsb edir. Yaxın Şərqdə davam edən hərbi gərginlik və Rusiya–Ukrayna müharibəsi Avropanı Cənubi Qafqaz və Mərkəzi Asiya ilə münasibətlərini yeni siyasi reallıqlar fonunda yenidən qiymətləndirməyə sövq edir.

Almaniya Azərbaycanın Avropadakı əsas siyasi və iqtisadi tərəfdaşlarından biridir. İki ölkə arasında siyasi dialoq, iqtisadiyyat, enerji, sənaye, nəqliyyat, logistika, təhsil və humanitar sahələrdə əməkdaşlıq ardıcıl şəkildə inkişaf edir. Xüsusilə enerji təhlükəsizliyi sahəsində tərəfdaşlıq strateji əhəmiyyət daşıyır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Almaniyada da yüksək qiymətləndirilir.

Mövcud geosiyasi şərait yaşıl enerji, hidrogen iqtisadiyyatı, rəqəmsal transformasiya, süni intellekt, yüksək texnologiyalar, sənaye kooperasiyası, Orta Dəhliz və logistika kimi yeni istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradır.

Azərbaycan Avropa ilə Asiyanı birləşdirən etibarlı nəqliyyat və enerji qovşağı kimi Almaniya biznesi üçün də cəlbedici tərəfdaşdır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, eləcə də yaşıl enerji layihələri alman şirkətlərinin iştirak edə biləcəyi perspektivli istiqamətlər sırasındadır.

Əminliklə demək olar ki, Prezident İlham Əliyevin bu rəsmi səfəri siyasi dialoqun daha da möhkəmlənməsinə, iqtisadi əlaqələrin genişlənməsinə, qarşılıqlı investisiyaların artmasına və Azərbaycan–Almaniya münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoymasına mühüm töhfə verəcək. Bu, həm də Azərbaycanın Avropa ilə qarşılıqlı hörmətə, praqmatik yanaşmaya və ortaq maraqlara əsaslanan əməkdaşlıq siyasətinin növbəti uğurlu təzahürüdür.

Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi tərəfdaşıdır. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 1,7 milyard avro təşkil edib. Bunun 1,07 milyard avrosu Almaniyanın Azərbaycandan idxalının, 623 milyon avrosu isə Almaniyanın Azərbaycana ixracının payına düşüb.

Almaniyanın Cənubi Qafqazda yeganə Xarici Ticarət Palatası (AHK) 2012-ci ildən Bakıda fəaliyyət göstərir. 20 iyun 2025-ci il tarixinə olan məlumata əsasən, 196 üzv şirkəti birləşdirən bu qurum Azərbaycanda fəaliyyət göstərən ən böyük Avropa biznes assosiasiyasıdır.

Azərbaycan Almaniyanın xam neft tədarükü üzrə ilk on tərəfdaşı sırasında yer alır. Bundan əlavə, 2026-cı ilin əvvəlindən etibarən Almaniya Azərbaycandan təbii qaz da idxal edir. SOCAR ilə Almaniyanın "Uniper" şirkəti arasında 2045-ci ilədək qüvvədə olan uzunmüddətli qaz tədarükü müqaviləsi uğurla icra olunur.

Ticarət və investisiya əməkdaşlığının inkişafı məqsədilə Azərbaycan–Almaniya Yüksək Səviyyəli İşçi Qrupu 5 may 2011-ci ildə yaradılıb. İşçi Qrupu iclaslarını rotasiya prinsipi əsasında növbə ilə Bakı və Berlində keçirir.

Alman dili Azərbaycanda çoxsaylı ümumtəhsil məktəblərində və bir sıra ali təhsil müəssisələrində tədris olunur. O, ingilis və rus dillərindən sonra ən çox öyrənilən xarici dillərdən biridir. Almaniyada ali təhsil almağa maraq da yüksəkdir. Hazırda Azərbaycan və Almaniya universitetləri arasında 20-dən çox əməkdaşlıq sazişi qüvvədədir. 2008-ci ildə Almaniyada "Azərbaycan İli", 2009-cu ildə isə Almaniyanın Cənubi Qafqazda Mədəniyyət Həftələri təşkil olunub ki, bu da humanitar və mədəni əlaqələrin inkişafına mühüm töhfə verib”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər