"Brayton" "Tottenhem"in müdafiəçisi Luka Vuşkoviçi heyətinə qatıb
İngiltərənin "Brayton" klubu "Tottenhem"in xorvatiyalı müdafiəçisi Luka Vuşkoviçin transferini rəsmən elan edib.
Operativ Media xəbər verir ki, 19 yaşlı futbolçu yeni klubu ilə beş illik müqavilə imzalayıb. Sözləşməyə əsasən, tərəflərin müqavilə müddətini daha bir il uzatmaq hüququ var.
İnsayder Fabrisio Romanonun yaydığı məlumata görə, bu keçid bonuslar da daxil olmaqla "Brayton"a 50 milyon funt-sterlinqdən baha başa gəlib. İddia olunur ki, London təmsilçisi "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonalini transfer etmək üçün maliyyə vəsaiti toplamaq məqsədilə Vuşkoviçi satmağa razı olub.
Xorvatiyanın "Hayduk" klubunun yetirməsi olan gənc müdafiəçi karyerası ərzində "Radomyak" və "Vesterlo" komandalarında da çıxış edib. Ötən 2025/2026 mövsümünü icarə əsasında Almaniyanın "Hamburq" klubunda keçirən Vuşkoviç, burada meydana çıxdığı 30 rəsmi oyunda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.