Aydın Mirzəzadə: "Azərbaycan və Türkmənistan münasibətləri qardaşlıq və strateji tərəfdaşlıq nümunəsidir"
Azərbaycan və Türkmənistan ortaq tarixə, ortaq mədəniyyətə və bir çox məsələlərdə oxşar baxışlara malik qardaş dövlətlərdir. Müstəqilliklərini bərpa etdikdən sonra iki ölkə arasında əlaqələr daha da möhkəmlənib və əməkdaşlıq yeni mərhələyə yüksəlib.
Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
O bildirib ki, bu gün Azərbaycan-Türkmənistan münasibətləri mehriban qonşuluğun bütün sahələrini əhatə edir:
"Ticarət və iqtisadi əməkdaşlıqla yanaşı, siyasi məsləhətləşmələr də iki ölkə arasında müntəzəm xarakter alıb. Mədəni əlaqələr isə ildən-ilə genişlənir. Azərbaycanda Türkmənistan mədəniyyəti təbliğ olunur, Türkmənistanda isə Azərbaycan Mədəniyyəti Günləri keçirilir.
Türkmənistan Prezidentinin Azərbaycana səfəri zamanı əlaqələrimizin daha da inkişafına xidmət edən bir sıra mühüm sənədlər imzalanıb. Hər iki ölkə rəhbərinin Şuşaya səfəri Türkmənistanın Azərbaycanın ərazi bütövlüyünə və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə verdiyi dəstəyin bariz göstəricisidir.
Türkmən xalqının ümummilli lideri Qurbanqulu Berdimuhamedovun təşəbbüsü ilə Füzulidə məscid inşa olunması Azərbaycan-Türkmənistan dostluğunun ən gözəl nümunələrindən biridir. Eyni zamanda, Türkmənistan Prezidentinin Azərbaycana səfəri zamanı Azərbaycanın Türkmənistana “Dostluq” adlı neft tankerini hədiyyə etməsi də münasibətlərimizin yüksək səviyyəsini nümayiş etdirir.
Bütün bunlar göstərir ki, Azərbaycan və Türkmənistan arasında əlaqələr sadəcə dövlətlərarası münasibətlər deyil, qardaşlıq və qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq nümunəsidir. Bu dostluq və mehriban qonşuluq gələcəkdə də davam edəcək, xalqlarımızı daha da yaxınlaşdıracaq”.