Azərbaycanda 25 Vt gücə malik olan elektrik közərmə lampaları dövriyyədən çıxarılır
"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna edilmiş dəyişikliklərə uyğun olaraq, Azərbaycanda enerji səmərəliliyinin artırılması məqsədilə közərmə lampaları mərhələli şəkildə dövriyyədən çıxarılır.
Operativ Media-nın xəbərinə görə, 1 iyul 2026-cı ildən isə 25 vattdan (25 vatt daxil olmaqla) 60 vattadək gücə malik közərmə lampalarının istehsalı, idxalı və satışı qadağan olunur.
Qeyd edək ki, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 25 Vt və daha yuxarı gücə malik olan elektrik közərmə lampalarının idxalına, istehsalına və ya satışına görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manata, hüquqi şəxslər 3 000 manatdan 4 000 manata qədər cərimə edilir.
Həmçinin, daha bir dəyişikliklə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata, hüquqi şəxslər 4 000 manatdan 5 000 manata qədər cərimə edilir.