“Uşaqlıq arzum idi” – 655 bal toplayan abituriyent gələcəyin hüquqşünası olmaq istəyir
"Hər gün səhər erkən saatlarda dərs hazırlamağa başlayırdım. Günlük planımı əsasən test sayı və konkret mövzular üzrə qururdum. Ən əsas üsulum səhv etdiyim sualların üzərində dayanaraq onları tam mənimsəyənə qədər araşdırmaq idi. Sistemli təkrar və vaxtın düzgün idarə olunması məni bu yüksək nəticəyə çatdırdı".
Bu sözləri Operativ Media-ya qəbul imtahanında 655 bal toplayan Göyçay şəhər akamedik Ziya Bünyadov adına 3 nömrəli məktəbin məzunu Xədicə Ələkbərli deyib.
O bildirib ki, abituriyent dövründə çox stresli və yorğun anlar yaşayıb:
“Belə anlarda xəyalını qurduğum universiteti gözümün önünə gətirərək özümə yenidən motivasiya verirdim. Ən böyük motivasiyam isə mənə inanan valideynlərimin və müəllimlərimin etimadını doğrultmaq istəyi idi.
Mənim üçün bütün fənlər eyni dərəcədə önəmli idi, çünki 655 bal toplamaq üçün heç bir fənni zəif saxlamaq olmazdı. Əsas məsələ oxuduğum mövzunu sadəcə əzbərləmək deyil, onun məntiqini anlamaq idi. Digər abituriyentlərə tövsiyəm odur ki, çətin gələn fənlərdən qaçmasınlar, əksinə onların üzərində daha çox çalışsınlar. Həmçinin dərsləri qeydlər apararaq oxumaq yaddaşı gücləndirir. Sonda isə çoxlu sınaq imtahanları işləmək sürət və dəqiqliyi artırır.
Mən 3-cü ixtisas qrupu üzrə hazırlaşmışam və topladığım 655 bal mənə uşaqlıq arzum olan məqsədə çatmaq imkanı verir. Gələcəyimi hüquqşünas kimi görürəm və ali təhsilimi ölkəmizin nüfuzlu universitetlərindən biri olan Bakı Dövlət Universitetində almaq istəyirəm. Hüquq fakültəsini seçməyimin əsas səbəbi cəmiyyətdə ədalətin qorunmasına töhfə vermək və insanların hüquqlarını müdafiə etməkdir. Bu peşə həm güclü məntiq, həm də yüksək məsuliyyət tələb edir və mən də özümdə bu xüsusiyyətləri görürəm.
Yüksək bal toplamaq istəyən şagirdlərə tövsiyəm odur ki, özlərinə hər zaman inansınlar və böyük hədəflər qoysunlar. Zamanı düzgün idarə etməyi əvvəlcədən öyrənsinlər və telefon, sosial şəbəkələr kimi diqqəti yayındıran amilləri minimuma endirsinlər. Səhvlərdən qorxmasınlar, çünki hər bir səhv imtahanda yeni bir doğru cavaba aparır. Əsas odur ki, çəkilən zəhmətin qarşılığının alınacağına inansınlar”.