624 bal toplayan məzun: "Hüquq fakültəsində təhsil almaq istəyirəm"
"Qəbul imtahanında 624,2 bal toplamışam. Mən əsasən səhər tezdən oyanıb dərs oxuyurdum. Səhər saatlarında daha yaxşı konsentrasiya ola bildiyim üçün bu vaxtdan səmərəli istifadə edirdim. Gün ərzində də planlı şəkildə hazırlığımı davam etdirirdim. İntizamlı olmaq və vaxtı düzgün bölmək mənə yüksək nəticə əldə etməyə kömək etdi".
Bu sözləri Operativ Media-ya Laçın rayon 11 nömrəli tam orta məktəbin məzunu Nərmin Qarazadə deyib.
O bildirib ki, motivasiya məsələsinə daha çox prinsip baxımından yanaşıb:
“Hesab edirəm ki, insanın qarşısında konkret məqsəd varsa, motivasiya olmasa belə, o, çətinliklərin öhdəsindən gələ bilər. Təbii ki, motivasiya vacibdir, amma məqsəd və prinsip daha davamlı güc verir.
Humanitar fənlər mənim yüksək nəticə toplamağıma ciddi dəstək oldu. Düşünürəm ki, düzgün istirahət etməklə oxumaq ən yaxşı öyrənmə metodlarından biridir. Dayanmadan dərs oxumaq insanı yorur və bu da nəticəyə mənfi təsir göstərir. Buna görə dərslə istirahət arasında balans yaratmaq vacibdir.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almaq istəyirəm. Hüquq sahəsinə böyük marağım var və düşünürəm ki, bu ixtisas həm sevdiyim sahədir, həm də gələcəkdə uğurlu karyera qurmaq üçün geniş imkanlar yaradır. İnsanlara kömək etmək və cəmiyyətə faydalı olmaq da seçimimin əsas səbəblərindəndir.
İlk növbədə çox çalışmaq lazımdır. Bununla yanaşı, iradəli, səbirli və dözümlü olmaq vacibdir. Hər kəs öz məqsədini dəqiq müəyyənləşdirməli və həmin məqsədə çatmaq üçün planlı şəkildə hazırlaşmalıdır. Uğurun əsas açarı davamlı zəhmət və özünə inamdır”.