Avstraliya millisi baş məşqçisi ilə müqaviləni uzatdı
Avstraliya millisinin baş məşqçisi Toni Popoviç müqaviləsinin müddətini daha altı ay uzatmaq barədə razılığa gəlib.
Operativ Media xəbər verir ki, 52 yaşlı avstraliyalı mütəxəssis ilkin olaraq 2024-cü ilin sentyabrında Qrem Arnoldun istefasından sonra yığmanın sükanı arxasına keçib və 2026-cı ilin iyul ayının sonuna kimi müqavilə imzalayıb. Onun qarşısına doğma meydanda Bəhreynə məğlubiyyət və İndoneziya ilə heç-heçə ilə başlanan DÇ-2026-nın seçmə mərhələsindəki vəziyyəti düzəltmək tapşırığı qoyulmuşdu. Yeni razılaşmaya əsasən, Popoviç ən azı 2027-ci ilin yanvarında keçiriləcək Asiya Kubokunun sonunadək komandanı çalışdıracaq.
"Asiya Kubokunun sonuna qədər "Sokkeruz"a (Avstraliya millisinin ləqəbi - red.) rəhbərlik etməyə davam edəcəyim üçün çox şadam. Avstraliya yığmasına baş məşqçilik etmək mənim üçün böyük şərəf və imtiyazdır. Bu, çox sevdiyim və heç vaxt sıradan bir iş kimi baxmadığım bir öhdəlikdir.
Hazırda bütün diqqətimi dünya çempionatına yönəltmişəm. Ölkəmi bu turnirə aparmaqdan qürur duyuram, lakin ən vacibi komandamızın Türkiyə, ABŞ və Paraqvaya qarşı keçirəcəyi qrup mərhələsinin oyunlarına tam hazır və konsentrasiyalı olmasını təmin etməkdir.
Komandanı qəbul etdiyim ilk gündən "Sokkeruz"un uzunmüddətli maraqlarını nəzərə almağa çalışmışam, eyni zamanda qısamüddətli nəticələri də təmin etmişəm ki, bunlardan da birincisi 2026-cı il dünya çempionatına vəsiqə qazanmaq idi", - deyə ESPN Popoviçin sözlərini sitat gətirib.
Qeyd edək ki, Asiya Kuboku Səudiyyə Ərəbistanında təşkil olunacaq. Avstraliya turnirin D qrupunda Tacikistan, Sinqapur və İraqla mübarizə aparacaq.
DÇ-2026-da isə Avstraliya millisi ilk oyununu iyunun 14-də Türkiyə yığmasına qarşı keçirəcək.