Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq
Azərbaycanın kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsi istiqamətində növbəti mühüm addım atılıb.
Operativ Media xəbər verir ki, yerli aqrar təcrübənin və müasir bağçılıq texnologiyalarının region hüdudlarını aşaraq xarici bazarlara çıxışını təmin edən yeni investisiya layihəsi çərçivəsində Azərbaycan şirkəti tərəfindən Dağıstanda iri aqrar layihənin icrasına başlanılır.
Bu baxımdan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu – 2026 çərçivəsində Azərbaycanın kənd təsərrüfatı sahəsində aparıcı şirkətlərindən olan “İSFA” MMC ilə Dağıstanın “RBR” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Azərbaycanın kənd təsərrüfatı təcrübəsində əlamətdar hadisələrdən hesab edilən müqavilənin ümumi dəyəri 3,4 milyon manatdan çoxdur.
Müqaviləni “İSFA” MMC-nin direktoru Samir Xeyirbəyov və “RBR” MMC-nin baş direktoru Ruslan Gereyeviç Gereyev imzalayıblar.
Sözügedən müqaviləyə əsasən “İSFA” MMC tərəfindən Dağıstanın Dərbənd rayonunda yerləşən Vəlikənd ərazisində yaradılacaq aqroparkın 300 hektarında zeytun bağı, 20 hektarında tingçilik sahəsi, 40 hektarında müxtəlif növ meyvə ağaclarından ibarət nümayiş bağı, 10 hektarında isə damazlıq bağı və aqro turizm zonası qurulacaq.
Layihə çərçivəsində yaradılacaq aqroparkda istifadə ediləcək meyvə ağacları və tinglər 2025-ci ilin iyununda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən açılışı olmuş Yevlax Pilot Aqroparkda yerləşən “İSFA” MMC-nin təsərrüfatında yetişdiriləcək.
Sözügedən müqavilə ölkəmizdə kənd təsərrüfatının inkişafında əhəmiyyətli rol oynayacaq, ixrac imkanlarının genişlənməsinə təkan verəcək. Azərbaycan əvvəl tingin idxalçısı idisə artıq “İSFA” MMC tərəfindən bu sahəyə olan təlabat tam ödənilməklə yanaşı ölkəni sözügedən məhsul sahəsi üzrə ixracatçıya çevirib.
Eyni zamanda “İSFA” MMC tərəfindən növbəti mərhələdə aqroparkın ərazisində zeytun yağı zavodunun da qurulması nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən tədbirdə Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri vəzifəsini icra edən Fyodor Şukin, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və s. rəsmi şəxslər iştirak ediblər.