İrlandiya Ukraynaya yardım ayıracaq
İrlandiya hökuməti bu il Ukraynaya 125 milyon avro məbləğində yeni ikitərəfli dəstək paketi ayıracağını açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə İrlandiya hökumətinin rəsmi saytında yayılan məlumatda bildirilib.
Məlumata görə, paketin 100 milyon avrosu Ukraynaya öldürücü olmayan hərbi avadanlıqların tədarükünə, 25 milyon avrosu isə qış mövsümü ərəfəsində enerji infrastrukturu da daxil olmaqla, mühüm obyektlərin bərpası və mühafizəsinə yönəldiləcək.
Qərarı İrlandiyanın Baş naziri Mixol Martin və xarici işlər və ticarət naziri Helen Makenti açıqlayıblar. Bildirilib ki, Baş nazir bu gün Kiyevə rəsmi səfər edib.
Qeyd edək ki, İrlandiya 2022-ci ilin fevralından etibarən Ukraynaya 550 milyon avrodan çox yardım ayırıb və ukraynalı qaçqınları qəbul edən Avropa ölkələri sırasında yer alır.