Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib.
Operativ Media xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.
Yeni sanksiyalar çərçivəsində 170 təşkilat və 48 fiziki şəxs məhdudiyyətlər siyahısına daxil edilib.
Aktivlərin dondurulması və maliyyə vəsaitlərinin təqdim edilməsinə qadağa 94 Rusiya bankı və iri maliyyə qurumuna şamil olunub.
Həmçinin dörd xarici bank və 33 kredit-maliyyə təşkilatı da sanksiyalara məruz qalıb.
Paketə əsasən, Rusiyada fəaliyyət göstərən üç neft emalı zavodu və Belarusdakı bir NEZ də sanksiyalar siyahısına salınıb. Rusiya nefti üçün qiymət tavanı 2027-ci il iyulun 15-dək bir barel üçün 44 ABŞ dolları səviyyəsində müəyyən edilib.
Bundan başqa, Aİ üçüncü ölkələrin şirkətlərinə kriptoaktivlərlə bağlı xidmətlərin göstərilməsini tam qadağan etmək hüququ əldə edib. Eyni zamanda, Rusiya metallurgiyası, qızıl hasilatı sektoru və iri almaz hasilatçılarından biri də yeni məhdudiyyətlərə məruz qalıb.
Sanksiyalar siyahısına daha 41 tanker əlavə olunub və beləliklə, məhdudiyyət tətbiq edilən gəmilərin sayı 673-ə çatıb. Həmçinin 37 Rusiya pilotsuz uçuş aparatı istehsalçısı, Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli 56 fiziki və hüquqi şəxs, eləcə də iki Rusiya limanı və dörd hava limanı ilə əməliyyatlar da qadağan edilib.
Bundan əlavə, Aİ xüsusi hərbi əməliyyatın iştirakçılarına qarşı viza məhdudiyyətlərinin tətbiqi üçün hüquqi baza formalaşdırıb.