Menyu

Yayda elektrik sərfiyyatını necə azaltmaq olar?

Ayşən Sadıxzadə
Yayda elektrik sərfiyyatını necə azaltmaq olar?

Yay aylarında elektrik sərfiyyatını azaltmaq üçün ilk növbədə soyutma sistemlərindən daha səmərəli istifadə etmək vacibdir. Kondisioneri çox aşağı temperaturda işlətmək əvəzinə temperaturu 24–26°C arasında saxlamaq həm rahatlıq yaradır, həm də enerji sərfini azaldır. Kondisionerin filtrinin mütəmadi təmizlənməsi də onun daha effektiv işləməsinə kömək edir.

Bu sözləri Operativ Media-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli deyib.

Onun sözlərinə görə, günün ən isti saatlarında pərdələri və jalüzləri bağlı saxlamaq otağın qızmasının qarşısını alır. Xüsusilə günəş alan pəncərələrdə qalın pərdələrdən istifadə etmək kondisionerə düşən yükü azalda bilər:

“İstifadə edilməyən işıqları, televizoru, kompüteri və digər elektrik cihazlarını söndürmək də əhəmiyyətlidir. Bir çox cihaz gözləmə rejimində belə enerji sərf edir. Buna görə istifadə olunmadıqda onları tam söndürmək və ya elektrik şəbəkəsindən ayırmaq faydalıdır.

Köhnə və enerji baxımından səmərəsiz məişət texnikaları daha çox elektrik sərf edir. Yeni avadanlıq alarkən enerji səmərəliliyi yüksək olan modellərə üstünlük vermək uzunmüddətli dövrdə xərcləri azalda bilər.

Paltaryuyan və qabyuyan maşınları tam dolu vəziyyətdə işlətmək, mümkün olduqda aşağı temperatur proqramlarından istifadə etmək də elektrik sərfiyyatını azaltmağa kömək edir. Həmçinin bu cihazları axşam və ya səhər saatlarında işlətmək evin əlavə isinməsinin qarşısını alır.

Soyuducunun qapısını uzun müddət açıq saxlamamaq, isti yeməkləri birbaşa soyuducuya qoymamaq və arxa hissəsində hava dövranına şərait yaratmaq da enerji qənaətinə səbəb olur.

Əgər imkan varsa, LED lampalardan istifadə etmək məqsədəuyğundur. Onlar həm daha az enerji sərf edir, həm də daha az istilik yayırlar ki, bu da yay aylarında əlavə üstünlükdür.

Bu sadə tədbirlər birgə tətbiq olunduqda yay mövsümündə elektrik sərfiyyatını nəzərəçarpacaq dərəcədə azaltmaq mümkündür”.

Əlaqəli Xəbərlər