Menyu

İqloterapiya nədir? Faydaları nələrdir?

Ayşən Sadıxzadə
İqloterapiya nədir? Faydaları nələrdir?

İynə terapiyası (akupunktura) bədənin müəyyən nöqtələrinə çox incə və steril iynələrin tətbiq edilməsi ilə həyata keçirilən müalicə üsuludur. Min illərdir istifadə olunan bu metod günümüzdə də ağrıların azaldılması, əzələ gərginliyinin aradan qaldırılması və orqanizmin təbii bərpa proseslərinin dəstəklənməsi məqsədilə tətbiq olunur. İynə terapiyası sinir sistemini stimullaşdıraraq qan dövranının yaxşılaşmasına, əzələlərin rahatlamasına və bədənin öz ağrıkəsici mexanizmlərinin aktivləşməsinə kömək edə bilər.

Bu sözləri Operativ Media-ya açıqlamasında fizioterapevt Əziz Dərvişov deyib. 

O bildirib ki, bu üsul xüsusilə boyun, bel və kürək ağrıları, oynaq problemləri, əzələ spazmları, baş ağrıları və miqren, stress və yuxu pozğunluqları kimi hallarda dəstək müalicə olaraq istifadə edilir:

Müntəzəm və düzgün tətbiq olunduqda ağrıların azalmasına, hərəkət rahatlığının artmasına və ümumi həyat keyfiyyətinin yaxşılaşmasına kömək edə bilər.

İynə terapiyası adətən ağrısız və ya minimal narahatlıqla keçirilən bir prosedurdur. İstifadə olunan iynələr çox nazik olduğundan əksər insanlar yalnız yüngül bir batma hiss edirlər. Bununla belə, hər bir xəstənin vəziyyəti fərqli olduğu üçün iynə terapiyasının uyğunluğu və effektivliyi mütəxəssis qiymətləndirməsindən sonra müəyyən edilməlidir. Ən yaxşı nəticələr isə adətən fizioterapiya, müalicəvi idman və digər reabilitasiya üsulları ilə birlikdə tətbiq olunduqda əldə edilir”.

Nevroloq Rəna Abbasova isə qeyd edib ki, iqloterapiya daha çox xroniki, yəni uzunmüddətli ağrıların müalicəsində istifadə olunur:

“Bu üsul zamanı xüsusi iynələr vasitəsilə bədənin müəyyən nöqtələri və sinir ucları stimullaşdırılır. Məqsəd ağrının azalmasına və orqanizmin öz bərpa mexanizmlərinin aktivləşdirilməsinə kömək etməkdir.

Ümumilikdə, bu prosedurun ciddi əks göstərişləri yoxdur. Lakin bəzi hallarda iynənin tətbiq olunduğu nahiyədə müvəqqəti diskomfort, yüngül ağrı və ya həssaslıq yarana bilər. Bu təsirlər adətən qısa müddətdə aradan qalxır.”

Əlaqəli Xəbərlər