ABŞ Hind okeanında İranla əlaqəli olduğu deyilən gəmini saxlayıb
ABŞ Hərbi Dəniz Qüvvələri Hind okeanında İranla əlaqəli olduğu bildirilən ticarət gəmisini saxlayaraq yoxlama aparıb.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit okean Komandanlığı (INDOPACOM) məlumat yayıb.
Bildirilib ki, sanksiyalar altında olan “Davina” adlı gəmi cümə gününə keçən gecə keçirilən əməliyyat zamanı ABŞ hərbçiləri tərəfindən saxlanılıb.
Yayılan görüntülərdə Amerika dəniz piyadalarının üç helikopter vasitəsilə gəminin göyərtəsinə endiyi əks olunub.
INDOPACOM-un açıqlamasına görə, əməliyyatın məqsədi qanunsuz şəbəkələrin fəaliyyətinin qarşısını almaq və İrana maddi dəstək göstərdiyi ehtimal olunan gəmiləri müəyyən etməkdir.
ABŞ hərbi rəsmiləri beynəlxalq sulardan sanksiyalardan yayınmaq üçün istifadə edilməsinə imkan verməyəcəklərini vurğulayıblar.
Bildirilib ki, Pentaqon bundan sonra da qanunsuz fəaliyyətlə əlaqəli olduğu ehtimal edilən gəmi və təşkilatlara qarşı tədbirləri davam etdirəcək