Konstitusiya Məhkəməsində Pakistan İslam Respublikası nümayəndə heyəti ilə görüş keçirilib
İyulun 21-də Konstitusiya Məhkəməsində Pakistanın hüquq və ədliyyə üzrə dövlət naziri Aqil Malikin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Operativ Media xəbər verir ki, qonaqları salamlayan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycanla Pakistan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin və sarsılmaz dostluq əlaqələrinin qarşılıqlı etimada əsaslandığını vurğulayıb. Bildirilib ki, Pakistan müstəqilliyimizi tanıyan ilk dövlətlərdən biri olub və hər iki ölkə beynəlxalq təsisatlarda bütün məsələlərdə bir-birini dəstəkləyir.
Sədr qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında mövcud olan bütün sahələrdə qarşılıqlı anlaşma strateji müttəfiqliyin inkişafı, ikitərəfli əməkdaşlığın daha da genişlənməsi və əlaqələrin yeni məzmunla zənginləşdirilməsi üçün möhkəm zəmin yaradır.
Daha sonra Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyət istiqamətləri, qərar qəbuletmə proseduru, konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi mexanizmi, insan hüquq və azadlıqlarının müdafiəsində məhkəmənin rolu, habelə hüquqi dövlət quruculuğu və Konstitusiyanın aliliyinin təmin olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Müasir dövrdə konstitusiya məhkəmələri arasında peşəkar dialoqun, qarşılıqlı təcrübə mübadiləsinin və hüquqi əməkdaşlığın genişləndirilməsinin konstitusiya ədalət mühakiməsinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Pakistanın hüquq və ədliyyə üzrə dövlət naziri Aqil Malik səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin hər iki xalq üçün önəmli olduğunu, hüquq-məhkəmə sahəsində əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Nazir respublikamızda hüquq sahəsində həyata keçirilən islahatlar nəticəsində əldə edilən nailiyyətləri yüksək qiymətləndirərək, Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə yaxından tanış olmaqdan məmnunluğunu ifadə edib. Qarşılıqlı görüşlərin hər iki ölkə arasında mövcud olan sarsılmaz sıx münasibətlərin daha da möhkəmlənməsinə, hüquq və məhkəmə sahəsində əməkdaşlığın genişlənməsinə, eləcə də konstitusiya nəzarətinin inkişafı istiqamətində qabaqcıl təcrübə mübadiləsinin davam etdirilməsinə mühüm töhfə verəcəyinə əminliyini nəzərə çatdırıb.
Görüşdə məhkəmə təcrübəsində müasir hüquqi yanaşmalar, insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması, rəqəmsallaşmanın və süni intellektin məhkəmə sisteminə tətbiqi, eləcə də beynəlxalq hüquqi əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.