Tramp: Ukrayna münaqişəsinin başa çatması ilə bağlı razılaşma yaxındır
Operativ Media
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin yaxın zamanda başa çata biləcəyini və tərəflər arasında razılaşmanın əldə olunmasının mümkün olduğunu bildirib.
Operativ Media xəbər verir ki, Tramp münaqişənin hazırkı mərhələyə çatmasında ABŞ-nin mühüm rol oynadığını qeyd edib.
Onun sözlərinə görə, sülh prosesində irəliləyiş var və tərəflər arasında razılaşmanın əldə olunması üçün imkanlar genişlənib.
ABŞ lideri həmçinin vurğulayıb ki, Dövlət katibi Marko Rubio, vitse-prezident Cey Di Vens və digər yüksək vəzifəli rəsmilər münaqişənin həlli istiqamətində aparılan diplomatik prosesdə fəal iştirak edirlər.
Kremlin mətbuat katibi Dmitri Peskov isə Vaşinqtonun Ukrayna münaqişəsinin nizamlanması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirdiklərini bildirib.
O, Rusiya və ABŞ prezidentləri arasında mümkün görüşlə bağlı hələlik konkret planın olmadığını, bunun üçün əvvəlcə hazırlıq işlərinin tamamlanmasının vacib olduğunu qeyd edib.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə daha əvvəl verdiyi açıqlamada Ukrayna məsələsində ciddi irəliləyişin hələ də müşahidə olunmadığını bildirmişdi.