Plastik tullantıların idarə olunması: Mövcud problemlər və perspektiv həll yolları - TƏHLİL
Plastik tullantıların idarə olunması və ətraf mühitə təsirinin azaldılması müasir şəhərlərin qarşısında duran ən mühüm ekoloji problemlərdən biridir. Azərbaycanda, xüsusilə Bakı şəhərində bu sahədə müəyyən addımlar atılsa da, mövcud vəziyyət problemin hələ də tam həllini tapmadığını göstərir.
Bu barədə Operativ Media-ya Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev danışıb.
O bildirib ki, əsas problemlərdən biri şəhər infrastrukturunun tullantıların çeşidlənməsi və təkrar emalı sisteminə tam hazır olmamasıdır:
"Hazırda məişət tullantılarının böyük hissəsi qarışıq şəkildə toplanır və vətəndaşların tullantıların ayrı-ayrı kateqoriyalar üzrə çeşidlənməsinə marağı aşağı səviyyədə qalır. Bunun səbəbləri sırasında maarifləndirmənin yetərsizliyi, nəzarət mexanizmlərinin zəifliyi və inzibati məsuliyyət tədbirlərinin effektiv tətbiq edilməməsi xüsusi yer tutur.
Problemin dərinləşməsinə təsir göstərən digər amil Bakı şəhərində son onilliklər ərzində müşahidə olunan sürətli urbanizasiya prosesidir. Əhalinin müxtəlif regionlardan paytaxta köçməsi nəticəsində şəhər mühitinə uyğun davranış vərdişlərinin formalaşdırılması çətinləşmiş, tullantıların idarə olunması sahəsində əlavə yük yaranmışdır.
Hazırda ölkədə tullantıların müəyyən hissəsinin çeşidlənməsi və utilizasiyası istiqamətində fəaliyyət göstərən müəssisələr mövcuddur. Lakin bu imkanlar ümumi tullantı həcmi ilə müqayisədə kifayət qədər geniş deyil. Mütəxəssislərin fikrincə, tullantıların mənbəyində çeşidlənməsi sisteminin qurulması olmadan problemin tam həlli mümkün görünmür.
Beynəlxalq təcrübə göstərir ki, plastik tullantıların idarə olunmasında iqtisadi stimullaşdırma mexanizmləri mühüm rol oynayır. Məsələn, Norveç və Kanada kimi ölkələrdə plastik qabların və butulkaların geri qaytarılması üçün xüsusi avtomatlar quraşdırılıb. İstifadə olunmuş qabları bu məntəqələrə təhvil verən vətəndaşlar müəyyən məbləğdə vəsait əldə edirlər. Bu yanaşma həm ətraf mühitin təmizliyinə, həm də tullantıların təkrar emal səviyyəsinin yüksəlməsinə xidmət edir.
Mütəxəssislər hesab edirlər ki, Azərbaycanda da plastik tullantıların çeşidlənməsi üçün ayrıca konteynerlərin sayının artırılması, bələdiyyələrin bu prosesə daha fəal cəlb olunması, maarifləndirmə tədbirlərinin genişləndirilməsi və qanunvericiliyin icrasına nəzarətin gücləndirilməsi vacibdir.
Perspektiv istiqamətlərdən biri də plastik tullantılardan enerji daşıyıcılarının, o cümlədən hidrogenin əldə olunması texnologiyalarının tətbiqidir. Dünyanın müxtəlif ölkələrində aparılan tədqiqatlar göstərir ki, bu üsul həm tullantı probleminin azaldılmasına, həm də alternativ enerji mənbələrinin inkişafına töhfə verə bilər.
Nəticə etibarilə, plastik tullantılarla mübarizə yalnız texniki və inzibati tədbirlərlə deyil, eyni zamanda cəmiyyətin ekoloji məsuliyyətinin artırılması ilə mümkün ola bilər. İnfrastrukturun təkmilləşdirilməsi, effektiv nəzarət mexanizmlərinin yaradılması və ictimai maarifləndirmənin gücləndirilməsi gələcəkdə problemin həllinə mühüm töhfə verə bilər”.