Apellyasiya müraciətləri ödənişli olacaq?
İmtahanlarda apellyasiya müraciətlərinin ödənişli olub-olmaması məsələsi yenidən gündəmə gəlib. Dövlət İmtahan Mərkəzinin rəhbərliyi tərəfindən bu istiqamətdə Tarif Şurasına təklif verilməsi ehtimalının olduğu bildirilsə də, hazırda bununla bağlı hər hansı qərar qəbul edilməyib.
Operativ Media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, təhsil eksperti Vəfa Vəliyevanın sözlərinə görə, apellyasiya müraciətlərinin ödənişli olması əsassız müraciətlərin sayının azalmasına kömək edə bilər. Ekspert hesab edir ki, bəzi hallarda iştirakçılar nəticələrdən narazı qaldıqları üçün əsaslı səbəb olmadan apellyasiyaya müraciət edir, bu isə əlavə iş yükü yaradır və prosesin uzanmasına səbəb olur.
Vəfa Vəliyeva qeyd edib ki, müxtəlif ölkələrdə fərqli təcrübələr mövcuddur. Bəzi ölkələrdə nəticələrin yenidən yoxlanılması üçün müəyyən məbləğdə ödəniş tələb olunur. Lakin müraciət əsaslı hesab edilərsə və nəticədə bal dəyişərsə, ödənilən vəsait geri qaytarılır. Digər ölkələrdə isə apellyasiya prosesi tamamilə ödənişsiz həyata keçirilir və təhsil alanların hüquqlarının qorunmasına üstünlük verilir.
Təhsil eksperti Vüsət Əzizov isə apellyasiyanın hər bir imtahan iştirakçısının fundamental hüququ olduğunu vurğulayıb. Onun fikrincə, bu xidmətin ödənişli olması bəzi abituriyentlərin həmin hüquqdan istifadə imkanlarını məhdudlaşdıra bilər. Xüsusilə aztəminatlı ailələrdən olan gənclərin əlavə xərc səbəbindən müraciətdən çəkinə biləcəyi qeyd olunur.
Ekspert bildirib ki, bu il keçirilən buraxılış imtahanlarında təxminən 8 min abituriyent nəticələri ilə bağlı apellyasiya müraciəti edib. Müraciətlər əsasən sualların yenidən qiymətləndirilməsi, cavabların yoxlanılması və bəzi texniki məsələlərlə bağlı olub.
Mütəxəssislər hesab edirlər ki, həm şəffaflığın və hüquqların qorunması, həm də əsassız müraciətlərin sayının azaldılması üçün ödəniş tətbiqindən daha çox apellyasiya mexanizminin təkmilləşdirilməsi, iştirakçılara nəticələrin daha aydın izah olunması və elektron nəzarət imkanlarının genişləndirilməsi kimi tədbirlər nəzərdən keçirilə bilər.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən bildirilib ki, hazırda bütün imtahanların nəticələri üzrə apellyasiya müraciətləri ödənişsiz qaydada həyata keçirilir və bu sahədə hər hansı dəyişiklik nəzərdə tutulmayıb.