Yayda qida zəhərlənmələri niyə artır? – SƏBƏBLƏR
Yay aylarında qida zəhərlənmələrinin artmasının əsas səbəbi yüksək temperaturun mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaratmasıdır. Havanın isti keçdiyi dövrlərdə bakteriyalar qida məhsullarında daha sürətlə çoxalır və qidaların xarab olma müddəti əhəmiyyətli dərəcədə qısalır.
Bu sözləri Operativ Media-ya açıqlamasında dietoloq Ceyhunə Yusifova deyib.
O bildirib ki, xüsusilə ət, toyuq, balıq, süd məhsulları, mayonezli salatlar və kremli şirniyyatlar düzgün saxlanılmadıqda qida zəhərlənməsi riski artır. Bir çox hallarda qida görünüşcə normal olsa da, tərkibində insan sağlamlığı üçün təhlükəli miqdarda bakteriya və ya onların toksinləri ola bilir.
Yay mövsümündə insanların daha çox açıq havada qidalanması, pikniklərə getməsi, küçə qidalarına üstünlük verməsi və qidaların uzun müddət soyuducudan kənarda qalması da risk faktorlarını artırır. Xüsusilə isti hava şəraitində bişmiş yeməklərin bir neçə saat otaq temperaturunda saxlanılması təhlükəli hesab olunur:
“Qida zəhərlənmələri ürəkbulanma, qusma, ishal, qarın ağrıları, halsızlıq və bəzən yüksək hərarətlə özünü göstərə bilər. Uşaqlar, yaşlılar, hamilə qadınlar və immun sistemi zəif olan şəxslər bu vəziyyətdən daha çox təsirlənirlər.
Bu səbəbdən yay aylarında qida təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir. Tez xarab olan məhsullar soyuducuda saxlanmalı, çiy və bişmiş qidalar ayrı hazırlanmalı, meyvə və tərəvəzlər yaxşı yuyulmalı, mənşəyi məlum olmayan və açıq şəraitdə satılan qidaların istehlakından çəkinilməlidir.
Qida təhlükəsizliyi sağlam qidalanmanın ayrılmaz hissəsidir. İnsanlar yalnız qidanın faydalılığına deyil, onun saxlanma və hazırlanma şəraitinə də diqqət yetirməlidirlər. Çünki ən faydalı qida belə düzgün saxlanılmadıqda sağlamlıq üçün risk yarada bilər”.