Menyu

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib - YENİLƏNİB

Operativ Media
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib - YENİLƏNİB

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə iyunun 4-də Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu uğurla keçirilib.

Operativ Media xəbər verir ki, artıq ölkənin kibertəhlükəsizlik sahəsində ən nüfuzlu platformalarından birinə çevrilən forum dövlət qurumlarını, Milli Məclisin deputatlarını, beynəlxalq təşkilatların nümayəndələrini, xarici ölkələrin kibertəhlükəsizlik institutlarını, özəl sektor təmsilçilərini, ali təhsil müəssisələrinin rəhbərlərini, ekspertləri və gənc mütəxəssisləri bir araya gətirib.

Tədbir çərçivəsində kibertəhlükəsizlik ekosisteminin inkişafı, beynəlxalq əməkdaşlıq, rəqəmsal transformasiya, süni

İntellekt texnologiyalarının təhlükəsizlik mühitinə təsiri və yerli innovativ həllərin inkişaf perspektivləri müzakirə olunub. Forumun sərgi hissəsində isə tərəfdaş şirkətlər tərəfindən müasir kibertəhlükəsizlik həlləri nümayiş etdirilib.

Forum Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Forumun rəsmi açılış mərasimində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov çıxış edərək, ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafı, dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi, insan kapitalının formalaşdırılması və beynəlxalq tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər barədə məlumat verib. Açılış mərasimində çıxış edən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin müavini Allahverən İsmayılov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Rasim Əliquliyev kibertəhlükəsizliyin milli təhlükəsizliyin mühüm tərkib hissəsi kimi strateji əhəmiyyətini vurğulayıblar.

Çıxışlarda rəqəmsal transformasiya şəraitində informasiya təhlükəsizliyinin təminolunması, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, elmi tədqiqatların və innovativ həllərin tətbiqinin genişləndirilməsi, eləcə də ölkənin kibermüdafiə potensialının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub.

“Milli Kibertəhlükəsizlik Ekosistemi” adlı ilk sessiyada Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş idarərəisinin müavini Tural Məmmədov, Moldova Kibertəhlükəsizlik Agentliyinin direktoru Mihai Lupașcu və“Huawei Technologies” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə baş kibertəhlükəsizlik və məxfilik direktoru Corey Deng çıxış edərək, milli kibertəhlükəsizlik strategiyaları, kritik infrastrukturun qorunması, kibercinayətkarlıqla mübarizə və beynəlxalq təcrübələr haqqında təqdimatlar ediblər.

Forum çərçivəsində Corey Deng Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Məşvərət Şurasına üzv təyin olunması münasibətilə AKTA-nın Fəxri Üzvlük Sertifikatı ilə təltif edilib. Eyni zamanda, AKTA ilə“Huawei Technologies” arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum kibertəhlükəsizlik sahəsində bilik və təcrübə mübadiləsinin genişləndirilməsinə, birgə təşəbbüslərin həyata keçirilməsinə və insan kapitalının inkişafına dəstək məqsədi daşıyır.

Forum zamanı AKTA-nın yeni təşəbbüsü olan “CyberAward” layihəsinin təqdimatı keçirilib. Layihə ölkənin kibertəhlükəsizlik ekosisteminə mühüm töhfələr verən mütəxəssislərin və təşkilatların təşviq olunmasını hədəfləyir.

Tədbirin diqqətçəkən hissələrindən biri də ilk dəfə təşkil olunan ictimai sual-cavab sessiyası olub. Sessiya çərçivəsində tələbələr tərəfindən əvvəlcədən təqdim edilmiş suallar videoformatda nümayiş etdirilib, universitet rəhbərləri və özəl sektor nümayəndələri isə bu sualları cavablandırıblar. Bu təşəbbüs gənclərlə sənaye və akademik liderlər arasında açıq dialoqun qurulmasına xidmət edib.

Forum çərçivəsində AKTA ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu da imzalanıb. Bundan əlavə, AKTA, Ukrayna Elmi Kibertəhlükəsizlik Assosiasiyası, Moldova Texniki Universiteti və Gürcüstan Elmi Kibertəhlükəsizlik Assosiasiyası arasında regional əməkdaşlığı gücləndirməyə yönəlmiş çoxtərəfli memorandumun imzalanması baş tutub. Sənəd kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsi, birgə layihələr və regional tərəfdaşlığın inkişafını nəzərdə tutur.

“Regional təcrübə və əməkdaşlıq” panelində Qazaxıstan, Türkiyə, Estoniya və Azərbaycanın aparıcı ekspertləri kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq, regional çağırışlar və perspektivlər ətrafında fikir mübadiləsi aparıblar.

Günün ikinci yarısında keçirilən sessiyalar “Rəqəmsal transformasiyada kiber çağırışlar”, “Süni intellektin kibertəhlükəsizliyə təsiri və innovativ trendlər” və “Müasir kibertəhlükəsizlik təhdidləri” mövzularını əhatə edib. Sessiyalarda yerli və beynəlxalq ekspertlər rəqəmsalvtransformasiya prosesində yaranan risklər, süni intellektin kibermüdafiədə tətbiqi, avtomatlaşdırılmış təhlükə aşkarlanması, davranış analitikası və müasir təhlükələrə qarşı müdafiə strategiyaları barədə təqdimatlar ediblər.

Forumun yekun sessiyasında Kiber Diaspor nümayəndələri beynəlxalq təcrübələrini iştirakçılarla bölüşüb, yerli kibertəhlükəsizlik məhsulları və innovativ startap layihələri təqdim olunub. Tədbir çərçivəsində, həmçinin interaktiv viktorina keçirilib və qaliblər mükafatlandırılıblar.

IV Milli Kibertəhlükəsizlik Forumu ölkədə kibertəhlükəsizlik sahəsində dövlət, özəl sektor, akademik mühit və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsi, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də yeni tərəfdaşlıqların formalaşdırılması baxımından mühüm platforma kimi öz missiyasını uğurla yerinə yetirib.

Tədbirdə səsləndirilən fikirlər, imzalanan əməkdaşlıq sənədləri və təqdim olunan təşəbbüslər Azərbaycanın kibertəhlükəsizlik ekosisteminin inkişafına mühüm töhfə verəcək.

09:02

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə iyunun 4-də Bakıda “4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb.

Operativ Media xəbər verir ki, Forumun əsas məqsədi Azərbaycanda milli kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə vermək, dövlət-özəl sektor tərəfdaşlığını gücləndirmək, beynəlxalq təcrübə və innovativ yanaşmaların paylaşılmasını təşviq etməkdir.

Tədbir çərçivəsində kibertəhlükəsizlik sahəsində tanınmış beynəlxalq ekspertlər, aparıcı qlobal İT və texnologiya şirkətlərinin rəhbər şəxslərinin çıxışları nəzərdə tutulub. Forumda rəqəmsal transformasiya dövründə yaranan yeni kiber təhdidlər, süni intellekt texnologiyalarının kibertəhlükəsizliyə təsiri, kritik infrastrukturun qorunması, regional əməkdaşlıq imkanları və kibermüdafiə sahəsində müasir yanaşmalar müzakirə olunacaq.

Bununla yanaşı, forum çərçivəsində keçiriləcək panel sessiyalarda və təqdimatlarda: kibertəhlükəsizlik sahəsində aktual risklər, innovativ həllər və qabaqcıl texnologiyalar, qlobal texnoloji trendlər, beynəlxalq təcrübələr və uğurlu praktiki nümunələr ətrafında fikir mübadiləsi aparılacaq.

“Milli Kibertəhlükəsizlik Ekosistemi” mövzusunda keçiriləcək sessiyada ölkənin əsas kibertəhlükəsizlik alt qurumlarının rəhbər şəxsləri çıxış edəcək. Təqdimatlarda milli kibertəhlükəsizlik ekosistemi, dövlət qurumları arasında koordinasiya, kibercinayətkarlıqla mübarizə mexanizmləri və rəqəmsal mühitdə təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlər müzakirə olunacaq. Sessiya çərçivəsində, həmçinin beynəlxalq vendorlar ilə əməkdaşlığın rəsmiləşdirilməsi istiqamətində atılacaq növbəti addımların təqdimatı keçiriləcək və "Huawei" şirkətinin nümayəndəsinə Məşvərət Şurasının sertifikatı təqdim olunacaq.

Forum iştirakçıları üçün xüsusi sərgi zonası da təşkil olunub. Sərgidə kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlər öz məhsul və xidmətlərini, innovativ texnologiyalarını və startap həllərini nümayiş etdirir.

Qeyd edək ki, “4-cü Milli Kibertəhlükəsizlik Forumu”nun ölkədə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsinə, bilik və təcrübə mübadiləsinin güclənməsinə, eləcə də rəqəmsal təhlükəsizlik üzrə yeni təşəbbüslərin formalaşmasına mühüm töhfə verəcəyi gözlənilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər