ABŞ dövlət katibi: Kuba təhlükəsizliyə təhdid yaradır
ABŞ dövlət katibi Marko Rubio Kubanın ABŞ-nin milli təhlükəsizliyi üçün təhdid yaratdığını bəyan edib.
Operativ Media xəbər verir ki, Rubio bu barədə Nümayəndələr Palatasının Büdcə Komitəsində keçirilən dinləmələr zamanı danışıb.
Onun sözlərinə görə, Kuba artıq ABŞ üçün təhlükə yaradan uğursuz dövlətə çevrilib və vəziyyətin dəyişməsi üçün ölkədə sistemli və ciddi islahatlara ehtiyac var.
“Bu, tamamilə doğrudur. Kubanın artıq ABŞ üçün təhlükə yaradan uğursuz dövlət olaraq qalmamasını təmin etmək üçün sistemli və ciddi islahatlara ehtiyacı var. Düşünmürəm ki, indiki Kuba hakimiyyəti islahatlar həyata keçirə bilsin”, – deyə Rubio bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp martın 5-də Vaşinqtonun İrana qarşı hərbi əməliyyat başa çatdıqdan sonra Kuba ilə bağlı əlavə tədbirlər planı hazırlamağa başlamaq niyyətində olduğunu açıqlamışdı.
Bundan əvvəl Ağ Evin rəsmilərindən biri ABŞ-nin Kuba üzərində dostcasına nəzarət qura biləcəyini bildirmiş, “Politico” nəşri isə Vaşinqtonun getdikcə Kubaya qarşı hərbi güc tətbiqinə meyl göstərdiyini yazmışdı.