Ombudsman Aparatı əmanətlərin sığortalanması sistemi ilə bağlı qanunvericilik dəyişiklikləri təklif edib
Bank sektorunun sabitliyi və əmanətçilərin hüquqlarının müdafiəsi maliyyə sisteminin əsas dayaqlarından biri hesab olunur. Bu baxımdan bankın lisenziyasının ləğv edilməsi və ya onun müflis elan olunması hallarında əmanətlərin qaytarılması mexanizmi xüsusi hüquqi əhəmiyyət daşıyır. Aparılmış hüquqi təhlildə Azərbaycanda əmanətlərin qorunması sisteminin “Əmanətlərin sığortalanması haqqında” və “Banklar haqqında” qanunlarla tənzimləndiyi, bu sahədə əsas institusional mexanizmin isə Əmanətlərin Sığortalanması Fondu vasitəsilə həyata keçirildiyi qeyd olunub.
Ombudsman Aparatından Operativ Media-ya verilən məlumata görə, təhlildə hazırkı model əsasən fiziki şəxslərin müdafiəsinə yönəldiyi və hüquqi şəxslərin əmanətlərinin sığorta mexanizmindən kənarda qaldığı vurğulanıb. Bu isə Konstitusiyanın bərabərlik hüququnu təsbit edən 25-ci maddəsi, Mülki Məcəllənin mülki hüquq subyektlərinin bərabərliyi prinsipini müəyyən edən müddəaları, həmçinin mülkiyyət hüququnun toxunulmazlığı baxımından yanaşmada uyğunsuzluq yaradır.
Qeyd olunub ki, hüquqi şəxslər bankın ləğvi halında yalnız adi kreditor kimi çıxış edir və onların tələbləri ləğvetmə prosesində növbəlilik əsasında təmin olunur. Praktikada isə bank aktivlərinin kifayət etməməsi səbəbindən hüquqi şəxslərin vəsaitlərinin tam qaytarılması əksər hallarda mümkün olmur. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı hesabları üzrə kompensasiya limitinin 20 min manat müəyyən edilməsi də bərabərlik prinsipi kontekstində əlavə suallar yaradır.
Araşdırmada milli qanunvericiliklə yanaşı, beynəlxalq təcrübəyə də geniş yer ayrılıb. Hüquqi təhlilin nəticəsi olaraq bank sektorunda mülkiyyət hüququnun və bərabərlik prinsipinin daha effektiv təmin edilməsi məqsədilə bir sıra qanunvericilik təşəbbüslərinin nəzərdən keçirilməsi tövsiyə olunub.
Təkliflər sırasında aşağıdakılar xüsusi qeyd edilir:
1. Əmanətlərin sığortalanması mexanizminin müəyyən meyarlar əsasında hüquqi şəxslərə də şamil olunması;
2. Sahibkarlıq fəaliyyəti ilə əlaqədar fiziki şəxslərin hesabları üzrə tətbiq edilən 20 min manatlıq kompensasiya limitinin ləğv edilərək ümumi 100 min manatlıq limitlə eyniləşdirilməsi;
3. Bank sistemində bütün mülki dövriyyə iştirakçıları üçün daha balanslı və bərabər müdafiə mexanizminin formalaşdırılması;
4. Milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması.
Sonda isə bank sisteminə ictimai etimadın gücləndirilməsi, sahibkarlıq subyektlərinin maliyyə təhlükəsizliyinin təmin olunması və mülkiyyət hüququnun effektiv müdafiəsinin biznes və insan hüquqları nöqteyi-nəzərindən mahiyyəti və bu məqsədlə müvafiq istiqamətdə islahatların aparılmasının mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
Aparılan təhlil müvafiq dövlət orqanına təqdim edilib.